Bakı. TurkicWorld:
Bakıda “ŞAH & mat” klubunun açılışı olub.
İdman.biz xəbər verir ki, tədbirdə Azərbaycan Şahmat Federasiyasının rəhbərliyi, tanınmış şahmatçılar və məşqçilər iştirak edib.
Açılış mərasimində çıxış edən Azərbaycan Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov yeni fəaliyyətə başlayan məktəbə uğurlar arzu edib. AŞF rəhbəri klubun yeni nəsil şahmatçıların formalaşmasında və bu idman növündə rəqabətin artmasına dəstək olacağını bildirib.
Məmmədov qeyd edib ki, klubun təsisçiləri Azərbaycan şahmatının aparıcı simaları olmaqla yanaşı, ölkədə idmanın bu növünün inkişafında xüsusi çəkiyə və önəmə malik insanlardır. “ŞAH & mat” qısa bir zamanda ölkə şahmatına yeni adlar bəxş edəcək. Çünki burada peşəkarlardan ibarət komanda çalışır.
“ŞAH & mat” klubunun rəhbəri, əməkdar məşqçi Anar Allahverdiyev əsas məqsədin ölkədə şahmatın inkişafına töhfə verməklə yanaşı, gələcəkdə milli komandada çıxış edəcək istedadlı gəncləri üzə çıxarmaq olduğunu deyib.
Qeyd edək ki, “ŞAH & mat” klubunda şahmatla yanaşı, rəsm, məktəbəqədər hazırlıq və digər sahələr üzrə də bölmələr fəaliyyət göstərir.
İdman.biz







