Bakı,TurkicWorld
Dünyada enerji bazarında qeyri-sabitliyin artdığı, bir sıra ölkələrdə yanacaq qiymətlərinin yüksəldiyi və təchizatla bağlı çətinliklərin yarandığı bir vaxtda Azərbaycanın Cənubi Qafqazın yanacaq təminatındakı rolu diqqət çəkir.
Xüsusilə Yaxın Şərqdə, o cümlədən İran ətrafında baş verən hərbi-siyasi proseslər, Rusiya-Ukrayna Müharibəsində energetik strukturlara və neft emalı zavodlarına zərbələr qlobal enerji bazarına təsirsiz ötüşmür. Neft daşımaları və təchizat marşrutları ilə bağlı risklər yanacaq bazarında əlavə təzyiq yaradır, ölkələri alternativ təchizat mənbələri axtarmağa vadar edir.
Belə bir şəraitdə Cənubi Qafqaz regionu yanacaq böhranı ilə nisbətən az üzləşən azsaylı regionlardan biri olub. Qonşu Gürcüstan və Ermənistanda yanacaqda müəyyən bahalaşma müşahidə olunsa da, Azərbaycan sayəsində bu artımın təsiri xeyli yumşalıb.
Belə ki, nəinki Qafqazda, bütövlükdə dünyada ən sabiq yanacaq qiymətlərindən birinə malik Azərbaycan həm Aİ-92, həm də Aİ-95 markalı avtomobil benzininin ixracını davam etdirərək regional bazarda təchizatçı mövqeyini qoruyur. Gürcüstan və Ermənistanın Azərbaycan benzininin alıcıları sırasında olması onları geniş məqamda qoruyur.
Dövlət Statistika Komitəsinin xarici ticarət göstəricilərinə əsasən, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycan Gürcüstana 2 milyon 765,18 min dollar dəyərində 3 min 413,8 ton Aİ-92 markalı benzin göndərib.
Paralel olaraq, Ermənistan isə Azərbaycanın Aİ-92 benzini ixrac etdiyi ölkələr arasında ikinci yerdə qərarlaşıb. Bu ölkəyə 1 milyon 589,88 min dollar dəyərində 1 950,85 ton məhsul tədarük olunub.
Ölkəmiz Aİ-92 ilə yanaşı, həm də Aİ-95 benzininin satışını aparıb.
Yanvar-avqust aylarında Gürcüstana 2,688 milyon dollar dəyərində 3 min 773,3 ton məhsul, analoji dövrdə Ermənistana isə 1,167 milyon dollar dəyərində 1 743,22 ton Aİ-95 markalı benzin ixrac edilib.
Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni dövründə Azərbaycanın Aİ-95 benzini ixrac etdiyi istiqamət yalnız Gürcüstan olub, cari ildə isə Ermənistan da bu məhsulun ixrac coğrafiyasına daxil olub.
Mövcud rəqəmlər göstərir ki, Azərbaycan təkcə xam neft və təbii qaz ixracatçısı kimi deyil, hazır neft məhsullarının regional bazarlara çatdırılması baxımından da strateji rola malikdir.
Azərbaycanın enerji infrastrukturu, neft emalı imkanları və coğrafi mövqeyi ona Cənubi Qafqazın enerji əlaqələrində əsas iştirakçı və lider ölkə olmağa imkan verir.
Digər tərəfdən, Azərbaycanın Ermənistana siyasi münasibətlərdəki mürəkkəb məsələlərin hələ də gündəmdə olduğu bir şəraitdə yanacaq təminatına dəstək verməsi rəsmi Bakının sülhün əsas təşəbbüskarı və stabilliyin qarantı olduğunu bir daha sübut edir.
Beləliklə, dünyada enerji bazarının qeyri-sabit olduğu bir vaxtda Azərbaycanın yanacaq ixracı Cənubi Qafqazda regional enerji əlaqələrinin inkişafı və yanacaq təhlükəsizliyi baxımından həlledici rol oyanyır.







