Bakı. TurkicWorld:
2034-cü ildə futbol üzrə dünya çempionatı Səudiyyə Ərəbistanında keçiriləcək.
İdman.biz saytı xəbər verir ki, bu barədə FİFA prezidenti Canni İnfantino sosial şəbəkədə paylaşım edib.
İnfantinonun paylaşımında belə qeyd olunub: “Futbol dünyanı öz ətrafına toplayır. Heç bir idman növü futbol üzrə dünya çempionatı qədər həmrəylik ideyalarını özundə birləşdirə bilməz”.
Avstraliyanın namizədliyini irəli sürməməsi Səudiyyə Ərəbistanını mundiala vahid namizədə çevirib. Gələn ilin sonunda FİFA təşkilatçı ölkə ilə bağlı rəsmi açıqlama verəcək.
Qeyd edək ki, DÇ-2026 üç ölkədə - ABŞ, Kanada və Meksikada təşkil olacaq. 2030 mundialının üç start oyunu Uruqvay, Argentina və Paraqvayda keçiriləcək, turnirin qalan oyunlarına isə İspaniya, Portuqaliya və Mərakeş ev sahibliyi edəcək.