Bakı. TurkicWorld:
Avqustun 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə Quba rayonunda keçirilən “Müasir çağırışlar və qarşıda duran əsas hədəflər” mövzusunda üçgünlük regional konfrans öz işini davam etdirib.
Bu barədə DQİDK-dan TurkicWorld-a daxil olan məlumatda bildirilir.
Konfransın üçüncü günündə DQİDK və Quba Rayon İcra Hakimiyyətinin rəsmi şəxsləri, şəhərdə fəaliyyət göstərən qurumların rəhbərləri, ictimaiyyət nümayəndələri, gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Cahandar Əlifzadə bildirib ki, qloballaşma prosesinin sürətləndiyi, xarici təsirlərin artdığı mürəkkəb beynəlxalq şəraitdə dinlərarası qarşılıqlı anlaşma, hörmət prinsiplərinin qorunub saxlanması və dindən şəxsi məqsədlər naminə istifadənin qarşısının alınması üçün dini maarifləndirmənin aparılması xüsusi əhəmiyyət kəsb edir. C.Əlifzadə konfransın mövzusunda diqqət çəkərək qeyd edib ki, müasir dövrün çağırışlarına müvafiq olaraq Dövlət Komitəsi tərəfindən dini maarifçilik işinin təşkili, radikalizmlə mübarizə, ölkədə dini durumun öyrənilməsi, dini duruma kənar təsirlərin aradan qaldırılması, dini icmalarla digər dövlət qurumları arasında səmərəli münasibətlərin qurulması, əməkdaşlığın genişləndirilməsi, Azərbaycanın zəngin tolerantlıq ənənələrinin ölkə daxilində, beynəlxalq aləmdə təbliğ edilməsi istiqamətində hədəflər müəyyən edilib və bu istiqamətdə mühüm addımlar atılmaqdadır.
Quba Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Anar Məmmədov vurğulayıb ki, Azərbaycanda dini etiqad azadlığının təmin olunması ilə bağlı dövlət siyasətinin əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Ölkəyə rəhbərliyi dövründə bu sahəyə aid qanunvericilik bazası gücləndirilərək tolerantlıq ənənələri, etnik qrupların və dini konfessiyaların hüquqlarının qorunması, dinlərarası münasibətlərin tənzimlənməsi istiqamətində müntəzəm tədbirlər həyata keçirilib. Hazırda bu siyasəti Prezident İlham Əliyev böyük uğurla davam etdirir.
Quba rayon Ağsaqqallar şurasının üzvü Eynulla Nurullayev, YAP Quba rayon təşkilatının sədr müavini Elxan Məhərrəmov, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Quba-Xaçmaz Regional Təhsil idarəsinin Quba rayon sektorunun müdiri Pərviz Nurməmmədov çıxışlarında kompleks şəkildə həyata keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyətindən danışıblar.
Konfrans işini müzakirələrlə yekunlaşdırıb.