Bakı, TurkicWorld
Azərbaycanın Xarici İşlər Nazirliyi Giza əyalətində baş vermiş ağır yol qəzası ilə bağlı Misir hökuməti və xalqına başsağlığı verib.
Bu barədə XİN rəsmi "X" səhifəsində paylaşım edib:
"Misirdə yanacaq daşıyan yük avtomobilinin iştirakı ilə baş vermiş qəza nəticəsində Giza əyalətində baş verən və çoxsaylı insanın həyatına son qoyan, bir çoxunun yaralanmasına səbəb olan yanğın faciəsi bizi dərindən kədərləndirib.Həyatını itirənlərin ailələrinə, həmçinin Misir Ərəb Respublikasının hökumətinə və xalqına dərin hüznlə başsağlığı veririk. Yaralananların hamısına tezliklə və tam sağalmalarını arzulayırıq", - deyə paylaşımda qeyd olunur.
Qeyd edək ki, Noyabrın 25-də Misirin Giza əyalətinin Əl-Vərrak rayonunda Qahirə dairəvi avtomobil yolunda neft məhsulları daşıyan yük avtomobilinin aşması və ardınca baş verən yanğın nəticəsində 31 nəfər həlak olub, 21 nəfər yaralanıb, 27 nəqliyyat vasitəsi yanaraq yararsız vəziyyətə düşüb. Misir Prokurorluğu qəza ilə bağlı araşdırma çərçivəsində yük avtomobili ilə toqquşmada şübhəli bilinən avtomobilin sürücüsünü saxlayıb, hadisənin bütün təfərrüatlarının müəyyənləşdirilməsi istiqamətində istintaq davam edir.





