Bakı, TurkicWorld
li Kibertəhlükəsizlik Agentliyi (MKA) "1Password" platformasında baş vermiş təhlükəsizlik insidenti ilə bağlı istifadəçiləri diqqətli olmağa çağırır.
TurkicWorld bu barədə MKA-ya istinadən xəbər verir.
Belə ki, "1Password" şirkətinin məlumatına görə, əməkdaşlardan birinin korporativ "GitHub" hesabının ələ keçirilməsi nəticəsində hücumçu şirkətin özəl mənbə kodu repozitoriyalarına və "CI/CD" mühitinə giriş əldə edib, həmçinin arxa plan ("backend") xidmətlərinə zərərli kod yerləşdirib.
Nəticədə daxili mənbə kodlarının bir hissəsi kənara çıxarılıb, məhdud sayda müştəriyə aid adlar, e- poçt ünvanları, hesab identifikatorları, giriş tarixləri, açıq kriptoqrafik açarlar, "SRP" protokol parametrləri, bəzi dəvət və bərpa tokenləri kimi hesab metadataları ələ keçirilib. Şirkət istifadəçilərin parol saxlanclarının ("vault"), oradakı parolların, parol və hesab bərpa açarlarının komprometasiya olunmadığını, eləcə də ələ keçirilmiş tokenlərin əlavə "SSO" autentifikasiyası və ya e-poçt təsdiq kodu olmadan hesaba giriş üçün kifayət etmədiyini bildirib.
Mütəxəssislər ələ keçirilmiş müştəri məlumatlarından istifadə edilməklə hədəfli fişinq hücumlarının təşkil edilə, "1Password" adından saxta hesab bərpa və dəvət bildirişlərinin göndərilə biləcəyi barədə xəbərdarlıq edirlər. İnsidentdən sonra şirkət komprometasiya olunmuş hesabı deaktiv edib, giriş tokenlərini ləğv edərək sistemləri təmiz versiyalarla bərpa edib və təsdiq kodlarını 10 simvolluq formata keçirib.
Milli Kibertəhlükəsizlik Agentliyi istifadəçilərə və təşkilatlara aşağıdakı təhlükəsizlik tədbirlərini həyata keçirməyi tövsiyə edir:
- "1Password" adından göndərilən şübhəli hesab bərpa, dəvət və təsdiq e-poçtlarına qarşı diqqətli olun;
- "GitHub" və digər tərtibatçı hesablarında fişinqə davamlı ikimərhələli təsdiqləmə tətbiq edin;
- "CI/CD" mühitində giriş səlahiyyətlərini məhdudlaşdırın və tokenləri mütəmadi yeniləyin;
- Mənbə kodlarına edilən dəyişikliklərin təsdiq və yoxlama proseslərini gücləndirin;
- Arxa plan ("backend") xidmətlərində gözlənilməz dəyişiklikləri və məlumat ötürülmələrini daim izləyin.