Bakı,TurkicWorld
Azərbaycan və Estoniya arasında informasiya kommunikasiya texnologiyaları (İKT) sahəsində əməkdaşlıq imkanları müzakirə edilib.
Bu barədə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Rəşad Nəbiyev "X" hesabında paylaşım edib.
"Estoniyanın İnformasiya Texnologiyaları və Telekommunikasiya Assosiasiyasının (ITL) təşkilatçılığı ilə İT şirkətlərindən ibarət nümayəndə heyəti ilə dəyirmi masa keçirdik.
Dəyirmi masa çərçivəsində Azərbaycanda rəqəmsallaşma sahəsində həyata keçirilən son yeniliklər, qəbul edilmiş yeni qanunvericilik paketi və texnologiya sektorunda yaradılan imkanlar barədə Estoniya şirkətlərinə məlumat verdik.
Həmçinin İKT sahəsində əməkdaşlığın genişləndirilməsi, Estoniya şirkətlərinin Azərbaycan bazarına çıxış imkanları və birgə layihələrin həyata keçirilməsi perspektivlərini müzakirə etdik", - paylaşımda qeyd edilib.
Əlavə edək ki, ötən gün rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Estoniya – Azərbaycan Hökumətlərarası Komissiyasının dördüncü iclasında iştirak edib.
Bildirilib ki, Estoniyanın ədliyyə və rəqəmsal işlər naziri Liisa-Li Pakosta və xarici işlər naziri Marqus Tsaxnanın da iştirak etdiyi görüşdə ölkələrimiz arasında nəqliyyat, logistika, ticarət, rəqəmsal inkişaf və innovasiya sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib.
Həmçinin süni intellekt, rəqəmsal hökumət, texnoloji sahibkarlıq və regional nəqliyyat bağlantılarının inkişafı, eləcə də enerji, ticarət və təhsil sahələrində əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.
İclasın yekununda müzakirə olunan məsələləri əks etdirən protokol imzalanıb.







