BAKI,TurkicWorld
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında gündəlikdə olan dörd məsələ müzakirə olunaraq plenar iclasa təqdim edilməsi tövsiyə edilib.
TurkicWorld xəbər verir ki, sentyabrın 24-də keçirilən iclasda komitə sədri Azər Əmiraslanov gündəlikdə dörd məsələnin olduğunu bildirib.
İclasda ilk olaraq “İcra haqqında” və “Qiymətli kağızlar bazarı haqqında” qanunlara dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirə olunub.
Layihədə icra prosesində borclunun qiymətli kağızlarına yönəlik tələblərin həyata keçirilməsi mexanizminin müəyyən edilməsi və bununla bağlı müvafiq qanunvericilik dəyişikliklərinin aparılması nəzərdə tutulur.
Daha sonra Mülki Məcəllə, Gömrük Məcəlləsi və bir sıra digər qanunlarda terminoloji dəyişikliklərin edilməsi ilə bağlı layihəyə baxılıb. Təkliflərdə “xüsusi icazə” ifadəsinin “icazə” ifadəsi ilə əvəz olunması nəzərdə tutulur.
Komitə sədri üçüncü məsələ ilə bağlı bildirib ki, Azərbaycan Prezidentinin təklif etdiyi dəyişikliklər innovasiya ekosistemində dövlət dəstəyi mexanizmlərinin təkmilləşdirilməsinə və innovativ iqtisadiyyatın inkişafının sürətləndirilməsinə xidmət edir.
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Elmin Məmmədov qeyd edib ki, dəyişikliklər rəqəmsal iqtisadiyyatın, informasiya-kommunikasiya texnologiyalarının, innovasiya ekosisteminin və startapların inkişafını yeni mərhələyə çıxarmağı hədəfləyir.
O bildirib ki, təklif olunan mexanizmlər özəl texnologiya şirkətlərinin inkişafına, intellektual kapitalın ölkəyə cəlb edilməsinə və yerli innovativ məhsulların beynəlxalq bazarlara çıxış imkanlarının genişləndirilməsinə yönəlib.
İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev sənəddə nəzərdə tutulan güzəştlərin vahid sistem əsasında təqdim edildiyini bildirib və onların uzunmüddətli tətbiqinin investisiya mühitinə müsbət təsir göstərəcəyini qeyd edib.
Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva isə vergi təşviqlərinin əhatə etdiyi subyektlər barədə məlumat verib.
İclas zamanı “Banklar haqqında” və “Qiymətli kağızlar bazarı haqqında” qanunlara dəyişiklik edilməsi barədə qanun layihəsi də müzakirəyə çıxarılıb.
Mərkəzi Bankın sədr müavini Əli Əhmədov bildirib ki, layihə korporativ qiymətli kağızlar bazarının inkişafı çərçivəsində yeni investisiya aləti kimi qiymətli kağızlaşdırmanın hüquqi əsaslarının yaradılması məqsədi daşıyır.
Müzakirələrdən sonra komitə üzvləri gündəlikdəki dörd məsələnin Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılmasını məqsədəuyğun hesab ediblər.







