Son dəqiqə

BMT COP29 UNFCCC Yalçın Rəfiyev Milli Təyinatlı Tövsiyə (NDC) Bakı İqlim Həftəsi

Maliyyələşmə olmadan COP31 iqlim öhdəliklərinin həyata keçirilməsi mümkünsüzdür - Yalçın Rəfiyev

BAKI,TurkicWorld

Yeni iqlim dövrü öhdəliklərin razılaşdırılmasından onların praktiki icrasına diqqətin yönəldilməsini təmin etməlidir və bunun əsas şərti maliyyələşmənin əlçatan olmasıdır.

Trend-in müxbirinin verdiyi məlumata görə, bunu Azərbaycanın xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Bakıda keçirilən Dördüncü İqlim Həftəsinin (CW4) açılış mərasimində çıxışı zamanı deyib.

"İqlim prosesi getdikcə öhdəliklərlə bağlı danışıqlardan onların icrasına keçməlidir", – deyə Rəfiyev Bakı İqlim Həftəsinin açılışında bildirib.

Onun sözlərinə görə, yeni milli səviyyədə müəyyən edilmiş töhfələr (NDC) artıq yalnız ambisiyaların bəyanatı kimi nəzərdən keçirilməməlidir. "NDC-lər artıq sadəcə ambisiyaların bəyanatı deyil. Onlar getdikcə milli hədəfləri konkret siyasətlər, texnologiyalar, infrastruktur və maliyyələşmə ilə əlaqələndirən investisiya və icra planlarına çevrilməlidir", – deyə o qeyd edib.

Yalçın Rəfiyev vurğulayıb ki, qarşıdakı COP31 bu keçidin sürətləndirilməsinə kömək etməlidir. Onun sözlərinə görə, COP31-də məsələ yalnız milli iqlim planlarının nə dərəcədə ambisiyalı olması ilə məhdudlaşmamalı, həmçinin onların həyata keçirilməsi üçün nələrin tələb olunduğu müəyyən edilməlidir.

O, həmçinin COP29-da razılaşdırılmış yeni iqlim maliyyələşməsi hədəfinin, ilk növbədə, inkişaf etməkdə olan ölkələr üçün əlçatan və münasib maliyyə resurslarına çevrilməsinin zəruriliyini qeyd edib.

"Bakıda razılaşdırılmış yeni iqlim maliyyələşməsi hədəfi – 2035-ci ilədək hər il ən azı 300 milyard ABŞ dolları, eləcə də maliyyələşmənin 1,3 trilyon ABŞ dollarına çatdırılması istiqamətində səylər – getdikcə, xüsusilə inkişaf etməkdə olan ölkələr üçün əlçatan və münasib maliyyə resurslarına çevrilməlidir", – deyə o bildirib.

Yalçın Rəfiyevin sözlərinə görə, maliyyələşmə iqlim siyasətinin həyata keçirilməsinin ikinci dərəcəli elementi deyil, bunun zəruri şərtidir.

Nazir müavini şəffaflıq məsələsini də ayrıca vurğulayıb. O qeyd edib ki, Azərbaycan COP29-a sədrliyi dövründə şəffaflığın siyasi əhəmiyyətinin artırılması istiqamətində çalışıb və ölkələri ilk ikiillik şəffaflıq hesabatlarını (BTR) təqdim etməyə çağırıb. O, "ambisiya, şəffaflıq və maliyyələşməni" iqlim öhdəliklərinin həyata keçirilməsinin əsası adlandırıb.

COP31-dən danışan Rəfiyev bildirib ki, Antalya artıq əldə olunmuş kompromislərə yenidən baxılması üçün platformaya çevrilməməlidir: "COP31 gələcəkdə onların həyata keçirilməsinə yol açmalıdır".

Onun sözlərinə görə, Azərbaycan tərəflər arasında dialoqa töhfə verən ölkə rolunu davam etdirmək niyyətindədir. "Sədr ölkələr dəyişir. Kollektiv məsuliyyətimiz isə dəyişmir", – deyə Yalçın Rəfiyev vurğulayıb.

O, həmçinin Azərbaycanın Türkiyə, Avstraliya və bütün tərəflərə COP31-in ambisiyalı, balanslaşdırılmış və icraya yönəlmiş nəticəyə nail olması üçün dəstəyini davam etdirəcəyini bildirib. "Dünyaya iqlim problemini sadəcə təsvir edən daha bir COP lazım deyil. Dünyaya çoxtərəfliliyin hələ də bu problemi həll etmək iqtidarında olduğunu nümayiş etdirən COP lazımdır", – deyə Rəfiyev bildirib.

Qeyd edək ki, Bakıda Azərbaycan Respublikasının ev sahibliyi və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsi (CW4) keçirilir.

Tədbirlərdə müxtəlif ölkələrin dövlət və hökumət nümayəndələrinin, beynəlxalq təşkilatların, ekspertlərin, maliyyə institutlarının, özəl sektorun və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak edir.

Dördüncü İqlim Həftəsi və Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində iqlim dəyişmələri ilə mübarizə, iqlim maliyyələşdirilməsi, dayanıqlı inkişaf və iqlim fəaliyyətinin sürətləndirilməsi ilə bağlı bir sıra sessiya, panel müzakirəsi və digər tədbirlər keçiriləcək.

Tədbirlərin keçirilməsi Bakının qlobal iqlim gündəliyində fəal rolunu daha da möhkəmləndirməklə yanaşı, COP31 ərəfəsində beynəlxalq iqlim əməkdaşlığının gücləndirilməsinə mühüm töhfə verəcək.

Mövzuya görə xəbərlər