Son dəqiqə

Fransa Məhkəmə Azərbaycan XİN Ayxan Hacızadə xarici siyasət Diplomatiya Martin Rayan

Azərbaycan XİN Fransanın Martin Rayanla bağlı bəyanatını qətiyyətlə rədd edib

BAKI,TurkicWorld

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Fransa vətəndaşı Martin Rayan barəsində çıxarılmış məhkəmə hökmü ilə bağlı iyulun 30-da yaydığı bəyanatı qətiyyətlə rədd edib.

TurkicWorld xəbər verir ki, bu barədə XİN-in mətbuat katibi Ayxan Hacızadənin Fransanın bəyanatına münasibət bildirən şərhində qeyd olunub.

Bildirilib ki, Martin Rayan barəsində cinayət işi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə araşdırılıb və məhkəmə təqdim olunan sübutlar, eləcə də irəli sürülən ittihamlar əsasında qərar qəbul edib. Vurğulanıb ki, apellyasiya instansiyasının qərarı da qanunvericiliyin tələblərinə uyğun keçirilmiş məhkəmə prosesinin nəticəsidir.

XİN bəyan edib ki, Fransa tərəfinin məhkəmə prosesinə siyasi məzmun verməsi, Azərbaycan məhkəmələrinin fəaliyyətinə müdaxilə xarakteri daşıyan açıqlamalar səsləndirməsi, həmçinin "əsassız saxlanılma" və "ədalətsiz məhkəmə araşdırması" barədə iddialar irəli sürməsi qəbuledilməzdir.

Şərhdə qeyd olunub ki, məhkəmə prosesi zamanı təqsirləndirilən şəxsin bütün prosessual hüquqları Azərbaycan qanunvericiliyi və ölkənin beynəlxalq öhdəlikləri çərçivəsində təmin edilib. Həmçinin Fransa səfirliyinin konsulluq nümayəndələrinin bütün məhkəmə iclaslarında iştirak etməsinin prosesin şəffaf keçirildiyini təsdiqlədiyi vurğulanıb.

Azərbaycan XİN Fransa tərəfini Azərbaycanın suverenliyinə, daxili işlərinə və müstəqil məhkəmə sisteminə hörmət etməyə, ikitərəfli münasibətlərə zərər vuran əsassız ittihamlardan çəkinməyə çağırıb.

Mövzuya görə xəbərlər