Bakı. TurkicWorld:
8 mart tarixində Əlcəzair Xalq Demokratik Respublikasının dövlət naziri, xarici işlər və xaricdəki milli icma və Afrika məsələləri naziri Əhməd Attaf Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova telefon zəngi edib.
TurkicWorld xəbər verir ki, XİN-in məlumatına görə, danışıq zamanı tərəflər regional və beynəlxalq təhlükəsizlik məsələləri, eləcə də İranın Azərbaycana qarşı həyata keçirdiyi dron hücumları ətrafında fikir mübadiləsi aparıblar.
Azərbaycan tərəfi bu hücumları ölkənin suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş qəbuledilməz addım kimi qiymətləndirib və yaranmış vəziyyətlə bağlı görülən tədbirlər barədə məlumat verib.
Əlcəzair naziri Əhməd Attaf mövcud vəziyyətlə bağlı narahatlığını ifadə edib, gərginliyin artmasının yolverilməz olduğunu vurğulayıb və problemlərin beynəlxalq hüquq prinsipləri əsasında, dialoq və diplomatik vasitələrlə həllinin vacibliyini qeyd edib. O, həmçinin Azərbaycanla həmrəyliyini ifadə edib.
Telefon danışığı zamanı tərəflər Azərbaycan-Əlcəzair ikitərəfli münasibətlərinin inkişaf perspektivlərini də müzakirə ediblər.







