BAKI,TurkicWorld
Martın 5-də İran İslam Respublikasının silahlı qüvvələri tərəfindən pilotsuz uçuş aparatları vasitəsilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının beynəlxalq hava limanına və digər mülki infrastruktura hücum aktlarının həyata keçirilməsi bütün Azərbaycan ictimaiyyəti kimi, Yeni Azərbaycan Partiyasının üzvlərinin də ciddi narahatlığına və böyük hiddətinə səbəb olub.
TurkicWorld xəbər verir ki, bu fikirlər Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatının hadisə ilə bağlı yaydığı bəyanatda öz əksini tapıb.
Bildirilib ki, Azərbaycan-İran dövlətlərarası münasibətlərinin ruhuna və beynəlxalq hüquq normalarına zidd olan bu xain təxribat cəhdi regionda hərbi-siyasi gərginliyin artmasına xidmət göstərir.
"Ərazi bütövlüyü və mütləq suverenliyini bərpa etməklə yeni reallıqlar yaradan müstəqil Azərbaycan dövləti hər zaman mehriban qonşuluq prinsipinə sadiq olub. Ölkəmizin bu gün milli maraqlar və qlobal çağırışları nəzərə almaqla həyata keçirdiyi konstruktiv siyasət və sülh diplomatiyası regionda etibarlı təhlükəsizlik və çoxşaxəli əməkdaşlıq kontekstində etimad quruculuğuna hədəflənmişdir. Eyni zamanda, Cənubi Qafqazın lider dövləti kimi hərbi-strateji potensialını daha da gücləndirən Azərbaycan milli və regional təhlükəsizliyə yönəlmiş istənilən təhdidin qarşısını almağa qadirdir.
Qonşu İran dövlətinin bu hücum aktını qətiyyətlə pisləyir, Azərbaycan xalqından üzr istəyərək ölkəmizə qarşı qərəzli təbliğata və bütün təxribat cəhdlərinə birmənalı şəkildə son qoyulmasını tələb edirik", - deyə bəyanatda qeyd edilib.
Qeyd edək ki, martın 5-də Naxçıvan Beynəlxalq Hava Limanına dron hücumu olub. İran ərazisindən uçan dron aeroportun binasına və Babək rayon Şəkərabad kənd tam orta məktəbin yaxınlığına düşərək partlayıb.
Hadisə nəticəsində 2 mülki şəxs xəsarət alıb. Azərbaycan Xarici İşlər Nazirliyinin hadisə ilə bağlı bəyanat yayaraq İran İslam Respublikası tərəfindən qısa müddət ərzində qeyd olunan məsələyə aydınlıq gətirilməsini, buna izahat verməsini və bu kimi halların gələcəkdə təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlər görməyi tələb edib.
İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dərmiçilu Xarici İşlər Nazirliyinə çağırılıb. İran tərəfinə kəskin etiraz bildirilib.







