Almaniya Azərbaycanla əlaqələrin dinamik inkişafının davam etməsinə ümid edir - səfir Ralf Horlemann (Müsahibə) (FOTO/VİDEO)

Almaniya Azərbaycanla əlaqələrin dinamik inkişafının davam etməsinə ümid edir - səfir Ralf Horlemann (Müsahibə) (FOTO/VİDEO)

Bakı. TurkicWorld:

2020-ci ildən Cənub Qaz Dəhlizi ilə Avropaya qaz tədarük edən Azərbaycan tədarüklərin artırılması üçün böyük potensiala malikdir.

Bu barədə Trend-ə eksklüziv müsahibəsində Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann deyib.

“Rusiyanın Ukraynaya müdaxiləsindən və enerjidən silah kimi sui-istifadə etməsindən sonra enerji çox kritik və vacib məsələyə çevrilib. Avropa reaksiya verməli və enerji idxalı siyasətini yenidən təşkil etməlidir. Biz Rusiya boru qazını əvəz etməli və başqa mənbələrdən idxalı artırmağa başlamalı olduq. İndi Aİ-yə əvvəlkindən daha çox qaz tədarük edən bir sıra tədarükçülər var”.

Səfirin sözlərinə görə, Almaniya Azərbaycanla enerji sahəsində əməkdaşlıqda böyük potensial görür.

“Enerji idxalını şaxələndirmək tamamilə Aİ-nin maraqlarına uyğun olardı. Bir neçə ildən sonra Azərbaycan boru kəməri imkanlarının modernləşdirilməsi ilə Aİ-yə 20 milyard kubmetr qaz ixrac edə bilər. Bildiyiniz kimi, bu yaxınlarda Avropa Komissiyasının sədri bu məsələ ilə bağlı Azərbaycanla memorandum bağlamaq üçün buraya gəlmişdi”.

Horlemann qeyd edib ki, bu, Almaniya üçün çox vacib məsələ olduğundan ölkə Azərbaycanla bərpa olunan enerji sahəsində əməkdaşlığa diqqət yetirmək niyyətindədir.

“Azərbaycan bərpa olunan enerjinin istehsalında - günəş enerjisi, külək enerjisi və yaşıl hidrogen baxımından böyük potensiala malikdir. Aİ karbohidrogen tullantılarının azaldılması məqsədlərinə çatmaq üçün bu potensialdan istifadə etməkdə çox maraqlıdır. Ona görə də biz Azərbaycanla əməkdaşlığı genişləndirmək üçün böyük potensial görürük. Almaniya şirkətləri öz texnologiyaları və təcrübələri ilə bu işdə böyük töhfə verə bilərlər”.

Horlemann qeyd edib ki, bir çox alman şirkətləri bərpa olunan enerji sektorunda fəal işləyir, onlardan bir neçəsi bu ilin iyununda Azərbaycanda olub.

“Alman şirkətləri həmişə investisiya imkanları axtarır və onlar bütün dünyada ən yaxşı şərtləri axtarırlar. Bizim də Azərbaycana böyük marağımız var və enerji sektoru ilə bağlı son dövrlərdə bəzi investisiyaları alqışlayırıq. Məsələn, Almaniya və Azərbaycan şirkətləri arasında alüminium istehsalı üzrə birgə müəssisə var, investisiyaların həcmi 300 milyon avro təşkil edir”, - deyə o bildirib.

Səfirin sözlərinə görə, Azərbaycana investisiyalar burada nisbətən ucuz enerji mənbələri, o cümlədən bərpa olunan enerji mənbələrinə görə qoyulub.

"Bu, Azərbaycanın gələcəkdə daha çox ekoloji cəhətdən təmiz məhsullar, o cümlədən ekoloji təmiz alüminium idxal edəcək Avropa bazarına qapılar açacaq", - səfir əlavə edib.

O bildirib ki, Almaniya Azərbaycan hökuməti ilə bərpa olunan enerji sektorunda potensial, o cümlədən “yaşıl” hidrogenin hasilatı perspektivləri üzrə intensiv dialoq aparır.

"İki hökumət arasında dialoq davam edir. Ötən bazar ertəsi mən Azərbaycanın energetika naziri Pərviz Şahbazovla görüşdüm və digər məsələlərlə yanaşı, yaşıl hidrogenin istehsalını da müzakirə etdim. Azərbaycan hökuməti xüsusilə Aİ-də iri bazarın mövcudluğu fonunda bu sektorun inkişafında maraqlıdır.”, - deyə o bildirib.

Səfirin qeyd etdiyi kimi, Azərbaycanın həm günəş, həm də külək enerjisindən “yaşıl” enerji istehsalı üçün böyük potensialı var. “Yaşıl” elektrik enerjisini, məsələn, “yaşıl” hidrogeni Avropa bazarına çıxarmaq olar.

"Hidrogen istehsalı çox enerji tələb edən bir prosesdir. Əgər siz rəqabətqabiliyyətli qiymətə hidrogen istehsal etmək istəyirsinizsə, bərpa olunan enerjiyə ehtiyacınız var, çünki ilkin investisiya qoyuluşu istisna olmaqla, onlar əsasən pulsuzdur. Aİ-nin 2030-cu ilə qədər karbon tullantılarının azaldılması hədəflərinə uyğun olaraq bizim enerji tutumlu sənayelərdən CO2 emissiyalarımızı kəskin şəkildə azaltmaq ehtiyacımız var, və bu, yalnız adi qaz əvəzinə “yaşıl” hidrogendən istifadə etməklə edilə bilər" - deyə Horlemann vurğulayıb.

Səfir Almaniyanın, xüsusilə biznes sektorunun Azərbaycanla bərpa olunan enerji sahəsində əməkdaşlığa böyük marağı olduğunu qeyd edib.

"Biz inkişaf etməyə və Azərbaycan tərəfinin təklif etdiyi yeni layihələrdə iştirak etməyə ümid edirik. Mən çox nikbinəm və əminəm ki, bu sahədə böyük təcrübəyə malik olan alman şirkətləri bu sahədə keçirilən bütün dövlət tenderlərində iştirak edəcəklər. Məsələn, Almaniyanın elektrik enerjisi sektorunda bərpa olunan enerji mənbələrinin çox yüksək payı ilə biz bu sahədə Azərbaycan bazarında iştirak etmək üçün çox yaxşı imkanlarımız var", - deyə R.Horlemann əlavə edib.

O, həmçinin vurğulayıb ki, bu ilin birinci yarısında Almaniya ilə Azərbaycan arasında ikitərəfli ticarətdə güclü artım var və bu, ticarətin inkişafı və müxtəlif sahələrdə ixracın artırılması üçün yaxşı əsasdır:

"Əməkdaşlığın ən perspektivli sahələrindən Almaniyanın ənənəvi olaraq çox güclü olduğu mühəndislik, avtomobil, elektronika, kimya və s. kimi sahələrdir. Qeyd etmək istədiyim digər sahə infrastruktur və logistikadır. Azərbaycan Şərqlə Qərb arasında hab kimi, xüsusən də Orta Dəhliz layihəsi çərçivəsində inkişaf edir və artan ticarət və investisiya axınının öhdəsindən gəlmək üçün Azərbaycanın logistika və infrastrukturuna daha çox investisiyaya böyük ehtiyac var. Üçüncüsü və biz əvvəllər bu barədə evvəl danışmışıq, alman şirkətlərinin texnologiya baxımından çox şey təklif edə biləcəyi və Almaniyanın siyasi nöqteyi-nəzərdən dünya lideri olduğu bütün bərpa olunan enerji sektorudur”.

Almaniya ilə Azərbaycan arasında əməkdaşlığın ən perspektivli istiqamətlərindən danışan səfir bir neçə istiqaməti xüsusi qeyd edib:

"Bildiyimə görə, artıq Azərbaycanda 200-dən çox alman şirkəti fəaliyyət göstərir. Onların 170-ə yaxını Azərbaycan-Almaniya Ticarət Palatasının üzvüdür. Beləliklə, artıq böyük işlər görülür. Mən hesab edirəm ki, enerji və bərpa olunan enerji sahəsində böyük potensial var. Və yenə də Azərbaycanın ehtiyaclarına, nə edilməli olduğuna baxanda mən bütün infrastruktur və logistika sektoruna qayıdıram".

Qarabağdakı yenidənqurma prosesinə və bu baxımdan Almaniyanın roluna gəlincə, Horlemann qeyd edib ki, Almaniya bu prosesdə öz şirkətlərinin iştirakı üçün böyük potensial görür:

"Qarabağda bərpa prosesinə gəlincə, Almaniyanın ənənəvi olaraq çox güclü olduğu maşınqayırma, avtomobil, kimya və elektronika kimi sektorlarda alman şirkətlərinin iştirakı üçün böyük potensial var".

Səfir bildirib ki, Almaniya bərpa olunan enerji və "ağıllı" şəhərlər konsepsiyası ilə birləşdirilən dayanıqlı şəhərlər kimi sahələrə, və sonra əsas infrastruktur və logistika ilə bağlı hər şeydə xüsusilə maraqlı olardı:

"Məsələn, Füzuli aeroportunun tikintisində alman şirkəti iştirak edib. Hesab edirəm ki, Qarabağda yolların, ümumiyyətlə, şəhərlərin salınmasına ehtiyac var. Alman şirkətləri burada iştirak edə və ən çox töhfə verə bilərdi".

Səfirin sözlərinə görə, Şərqi Almaniyada öz birləşmə və bərpa təcrübəsi olan Almaniya Qarabağın bərpası ilə bağlı Azərbaycanın qarşısında duran vəzifənin miqyasını çox gözəl dərk edir:

"Bu, böyük bir vəzifədir. Biz də Azərbaycan xalqının yenidənqurmanın vacibliyi ilə bağlı hisslərini bölüşürük, çünki Almaniyanın birləşməsi və yenidənqurma prosesi zamanı cəmiyyətin bütün təbəqələri buna müsbət reaksiya verdi. Bu vəziyyəti biz anlayışla qarşılayırıq".

R.Horlemann qeyd edib ki, Alman şirkətlərinin yenidənqurma prosesinə cəlb edilməsi üçün vacib olan sabit təhlükəsizlik vəziyyətidir:

"Əvvəlcə minalardan təmizləmə işləri aparılmalıdır. İkincisi, bizə sabit investisiya mühiti lazımdır. Bu baxımdan, sərmayəçilər üçün cəlbedici mühit yaratmaq üçün Ermənistanla sülh sazişi hər şeydən üstün olardı. Alman investorları həmişə uzunmüddətli düşünürlər, buna görə də uzunmüddətli perspektivdə etibarlı tərəfdaşlar kimi tanınırlar".

O əlavə edib ki, əgər Azərbaycan uzunmüddətli perspektivdə böyük sərmayələr yatırmağa qərar verirsə, o zaman investisiya mühitinin sabit olmasına əmin olmaq lazımdır.

Səfir qeyd edib ki, minatəmizləmə fəaliyyəti Qarabağın iqtisadi inkişafında və yenidən qurulmasında mühüm rol oynayır:

"Almaniya uzun illərdir ki, minaların qadağan edilməsi üzrə qlobal səylərdə liderdir. Biz isə dünyanın müxtəlif regionlarında - Avropada, Balkanlarda, Afrikada çalışmışıq. Alman şirkətlərinin də böyük təcrübəsi və texnologiyası var. Almaniya çoxtərəfli təşkilatlara, xüsusən də BMT başda olmaqla, bütün dünyada minatəmizləmə fəaliyyətlərində çoxlu dəstək, o cümlədən maliyyə dəstəyi göstərir. Azərbaycanla bağlı da eynisini edirik".

Səfirin qeyd etdiyi kimi, Azərbaycan minaların qadağası haqqında Ottava Konvensiyasına qoşulsaydı, bu, daha böyük töhfə verməyə kömək edərdi.

Səfir Horleman daha sonra bildirib ki, Almaniya Azərbaycanla son 30 ildə inkişaf etmiş dinamik münasibətləri dərinləşdirməkdə çox nikbindir:

"Ticarət və iqtisadiyyatla yanaşı, təbii ki, mədəniyyət sahəsində də artıq böyük əməkdaşlıq mövcuddur. Almaniya Azərbaycanla mədəniyyət sahəsində gələcək əməkdaşlıqda çox maraqlıdır. Biz Şirvanşahlar Sarayında tarixi fotoşəkillərin bərpası ilə bağlı yeni layihəyə başlamışıq. Bu, təkcə fotoşəkillərin bərpası deyil, həm də bu sahədə ən yaxşı təcrübələrin ötürülməsi ilə bağlıdır/

R.Horlemann qeyd etdiyi kimi, Almaniya və Azərbaycana səyahət edən insanlar arasında böyük mübadilə olduğunu lazımi qədər qiymətləndirməmək olmaz:

"İnsan təmasları çox vacibdir. Çox canlı tərəfdaşlıq əlaqələri olan bir sıra Almaniya və Azərbaycanın qardaşlaşmış şəhərləri var: Bakı - Mayns şəhəri ilə, Sumqayıt - Lüdviqshafen ilə. Bütün bunlar iki cəmiyyət arasında təmasların asanlaşdırılmasında mühüm əhəmiyyət kəsb edir ki, bu da bizim birlikdə gördüyümüz hər şeyin praktiki əsasını təşkil edir".

Səfir yekun olaraq qarşıdan gələn Alman Birliyi Gününün qeyd olunmasının əhəmiyyətini vurğuladı və bu il Azərbaycan və Almaniyanın diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd etdiyini, hər iki ölkənin tam suverenliyini və müstəqilliyini bərpa etdiyini və güclü müstəqil dövlətlərə çevrildiyini qeyd edib, və bu, münasibətlərin inkişafı üçün çox yaxşı əsasdır.

"Əlbəttə, biz almanlar üçün iki Almaniyanın birləşdiyi 3 oktyabr 1990-cı ilin çox böyük tarixi və siyasi əhəmiyyəti var, çünki bu həm də soyuq müharibənin və Avropanın bölünməsinin başa çatması demək idi. Beləliklə, onun Avropa və hətta qlobal əhəmiyyəti var. Şərqlə Qərbin qarşıdurmasının sonu oldu və divar dağıldı. Bütövlükdə Avropanı yenidən birləşdirmək imkanımız oldu. Təbii ki, Almaniyanın birləşməsindən, sonra yenidən qurulmasından söhbət gedəndə mən bu haqda Qarabağ kontekstində danışdım, bizim buna hazır planımız yox idi. Biz çoxlu improvizasiya etməli olduq, bu da müəyyən dərəcədə yaxşı idi, çünki bu məsələdə çox çevik idik. Bu, böyük vəzifə idi: Şərqi Almaniyanın iqtisadi sistemi planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçməli idi; Şərqi almanların həyat səviyyəsini yüksəldərək infrastruktura minlərlə milyardlarla alman markası və avro sərmayə qoyulub. Şərqi almanlar bir gecədə azadlıqlarını əldə etdilər, lakin çoxları da işini itirdi, biz Şərqi Almaniyada Alman markasını ümumi valyuta kimi təqdim etməli olduq və s. Bu nəsillərin vəzifəsidir ki, on ildə də həll edə bilmirsən. Lakin təbii ki, bu proses hələ də davam edir. Amma biz Almaniyanın hər iki hissəsini birləşdirərək uzun bir yol qət etmişik. Bu, uğur hekayəsi idi. Bəs bunun Azərbaycana nə dəxli var? Azərbaycan Almaniyanın yenidən birləşməsindən təxminən bir il sonra, yəni təxminən eyni vaxtda müstəqilliyini əldə edib. Bu il biz diplomatik münasibətlərimizin 30 illiyini qeyd edirik və təbii ki, hər iki ölkə tam suverenliyini və müstəqilliyini bərpa edib, güclü müstəqil dövlətlərə çevrilib və bu, münasibətlərimizin inkişafı üçün çox yaxşı əsas olub. Münasibətlərimiz çox dinamik inkişaf edib və biz eyni ruhda davam edə biləcəyimizə çox nikbinik", - deyə yekunda Ralf Horlemann bildirib.