Son dəqiqə

Ramiz Mehdiyev

Xarici xüsusi xidmət orqanlarının "elite capture" strategiyasının məhsulu olan Ramiz Mehdiyev və şəbəkəsi

BAKI, TurkicWorld

Müasir beynəlxalq münasibətlər sistemi artıq klassik güc balansı modellərindən kənara çıxıb. Dövlətlərə təsir göstərmək üçün tanklar, iqtisadi sanksiyalar və açıq siyasi ultimatumlar təkbaşına kifayət etmir. XXI əsrin əsas silahlarından biri informasiyadır, digəri isə insan faktorudur. Xarici xüsusi xidmət orqanları bu iki elementi birləşdirərək maraq dairələrində olan ölkələrdə "xüsusi təsir şəbəkələri" formalaşdırır. Dövlət Təhlükəsizlik Xidmətinin vətənə xəyanət və digər maddələrlə təqsirləndirilən bir qrup şəxs barədə yaydığı video görüntülər və səs yazılarındakı təkzibolunmaz dəlil və sübutlar postsovet məkanında, o cümlədən Azərbaycanda bu mexanizmlərin uzun illər sistemli və məqsədyönlü şəkildə qurulduğunu göstərir.

Bu strategiyanın mahiyyəti sadədir: dövlətə yox, dövlətdə vacib mövqelərdə olan şəxslərə təsir göstərmək. Beynəlxalq praktikada bu yanaşma "elite capture" - "elitanın ələ keçirilməsi" adlanır. Xarici güc mərkəzləri üçün ən səmərəli yol dövlət institutlarını dağıtmaq deyil, həmin institutlara real təsir edən şəxsləri öz təsir orbitinə salmaqdır. Bu zaman dövlətin formal suverenliyi saxlanılır, lakin siyasi qərarlar artıq xarici maraqların prizmasından formalaşır.

Azərbaycan kontekstində bu mexanizmin necə işlədiyini anlamaq üçün uzun illər humanitar, ideoloji və informasiya sahələrinə nəzarət etmiş Ramiz Mehdiyev və onun ətrafında formalaşmış şəbəkəyə diqqət yetirmək kifayətdir. O, vəzifədə olduğu dövrdə təkcə inzibati resurslardan istifadə etmirdi, həm də intellektual məkan üzərində nəzarət qurmuşdu. Akademik dairələr, ekspert mühiti vahid ideoloji çərçivəyə salınmışdı. Ona qarşı ifadə edilən mövqelər ya marginalizə edilir, ya da susdurulurdu. Bu, təsadüfi deyildi. Xüsusi təsir şəbəkələri üçün əsas şərt intellektual və informasiya mühitinin monopoliyalaşdırılmasıdır. Çünki cəmiyyət alternativ mənbələrdən məlumat ala bilmədikdə, ona təqdim edilən narrativləri "obyektiv reallıq" kimi qəbul edir. Bu isə xarici güclərin maraqlarına uyğun ictimai rəy formalaşdırmaq üçün ideal şərait yaradır.

Belə şəbəkələrin fəaliyyətində bir neçə paralel xətt müşahidə olunur. Birincisi, dövlət aparatında loyal fiqurların irəli çəkilməsi. İkincisi, akademik və media mühitində "ekspert" adı altında fəaliyyət göstərən, lakin əslində xarici maraqları təbliğ edən dairələrin yaradılması. Üçüncüsü, informasiya məkanında geosiyasi manipulyasiya - Qərb dünyasına qarşı şübhə, qorxu və etimadsızlıq aşılanır, alternativ güc mərkəzləri isə "daha ədalətli", "daha səmimi" tərəfdaş kimi təqdim olunur. Bu mexanizmin təhlükəli tərəfi onun görünməzliyidir. Cəmiyyət üçün bu proseslər siyasi plüralizm, fikir azadlığı və ya sadəcə ictimai diskussiya kimi görünə bilər. Halbuki bu diskussiyaların arxasında məqsədyönlü koordinasiya və xarici yönləndirmə dayanır.

Ramiz Mehdiyev və onun "silahdaşları" - Əli Kərimli, Qənimət Zahid, Fuad Qəhrəmanlı və digərlərinin fəaliyyəti məhz bu prizma ilə oxunmalıdır. Onların illər ərzində qurduqları şəbəkə təkcə hakimiyyətə qarşı mübarizə aparmaq üçün deyil, həm də xarici təsir mexanizmlərinin ölkə daxilində işləməsi üçün münbit zəmin yaratmışdı. Xüsusilə "köhnə qvardiya" fenomeni bu prosesdə mühüm rol oynayırdı. Sovetdən qalma idarəetmə refleksləri, Qərbə qarşı tarixi şübhə və ideoloji ətalət həmin şəxsləri xarici manipulyasiyaya daha açıq edirdi. Bu insanlar üçün əsas məqsəd dövlətin strateji maraqları deyil, şəxsi mövqelərinin və təsir dairələrinin qorunması idi. Xarici xüsusi xidmət orqanları isə məhz bu zəifliklərdən istifadə edərək onları öz oyunlarının alətinə çevirirdi. "Elite capture" strategiyasının nəticəsi klassik dövlət çevrilişlərindən fərqlidir. Burada barrikadalar və hərbi texnika yoxdur. Onun yerini memorandumlar, ekspert hesabatları, mediada formalaşdırılan narrativlər və "sivil etiraz" texnologiyaları tutur. Cəmiyyətə bu proseslər demokratik dəyişiklik kimi təqdim olunur, lakin real məqsəd ölkənin geosiyasi kursunu dəyişmək və onu başqa güc mərkəzinin orbitinə salmaqdır.

Bu cür şəbəkələr vaxtında aşkar olunmadıqda dövlətin strateji dayanıqlığı və suveren qərarvermə qabiliyyəti ciddi risk altına düşür. Bu səbəbdən məsələ yalnız konkret şəxslərin hüquqi məsuliyyətə cəlb edilməsi ilə bitmir. Əsas məsələ bu mexanizmlərin necə işlədiyini cəmiyyətin dərk etməsi və gələcəkdə onların qarşısını alacaq institusional immunitetin formalaşdırılmasıdır. Çünki müasir dünyada dövlətlər təkcə sərhədlərini deyil, qərarvermə mərkəzlərini də qorumalıdır. Əgər həmin mərkəzlər ələ keçirilərsə, ölkə formal olaraq müstəqil qalsa belə, faktiki olaraq başqa güclərin siyasi alətinə çevrilib. Bu kontekstdə xarici xüsusi xidmət orqanlarının, onların məhsulu olan Ramiz Mehdiyevin və şəbəkəsinin həmin planlarının Azərbaycanda icrasına imkan verilmədi. Dövlət Təhlükəsizliyi Xidməti xarici xüsusi xidmət orqanlarının ölkə daxilində qurduğu təsir şəbəkəsini dağıdaraq, dövlətin qərarvermə mexanizmini ələ keçirmək cəhdini kökündən zərərsizləşdirdi.

Mövzuya görə xəbərlər