Bakı, TurkicWorld
Dekabrın 24-də “Konstitusiya və Suverenlik İli” çərçivəsində dünyəvilik və vicdan azadlığı kimi təməl konstitusion dəyərlərin təbliği, din xadimlərinin hüquq və vəzifələri, peşəkar inkişafı, dövlət-din münasibətlərinin hüquqi, mədəni aspektləri, eləcə də multikultural, tolerant mühitin daha da möhkəmləndirilməsi ilə bağlı məsələlərin müzakirəsi məqsədilə Azərbaycan Din Xadimlərinin II Forumu keçiriləcək. Forumun mövzusu “Azərbaycanda dövlət-din münasibətlərinin konstitusion prinsipləri: dünyəvilik və vicdan azadlığı” olacaq.
TurkicWorld xəbər verir ki, tədbirdə müvafiq dövlət qurumlarının nümayəndələri, dini təhsil müəssisələrinin müəllimləri, ilahiyyatçı alim və mütəxəssislərlə yanaşı, Türkiyə, Özbəkistanın dini sahədə səlahiyyətli dövlət qurumlarının rəhbər şəxsləri iştirak edəcəklər.
Forumda “Multikultural dəyərlər sistemi: dövlət-din münasibətlərinin hüquqi və mədəni aspektləri”, “Rəqəmsal informasiya mühitində dini təhsil və maarifçilik strategiyaları”, “Qlobal təsirlər fonunda gənclərin maarifləndirilməsi: müasir metod və innovativ yanaşmalar” və “Qadınların sosial və mənəvi inkişafında dini icmaların rolu” mövzularında panel müzakirələri təşkil olunacaq.
Forum çərçivəsində tədbir iştirakçılarının Fəxri xiyaban, Zəfər abidəsi və Heydər Əliyev Mərkəzini ziyarəti, Azərbaycan İlahiyyat İnstitutunda görüşü, eyni zamanda “Heydər” məscidində vəhdət namazı, Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralı və Dağ yəhudiləri sinaqoqunun fəaliyyəti ilə tanışlıq nəzərdə tutulur.







