Son dəqiqə

Bakı-Tbilisi-Qars (BTQ) Hakan Fidan

Türkiyə Orta Dəhlizin əsasını təşkil edən BTQ dəmir yolunun tam gücü ilə işləməsinə əhəmiyyət verir - Hakan Fidan

Bakı, TurkicWorld

Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan və Gürcüstanın Xarici İşlər Naziri Maka Boçorişvili Ankarada görüş keçiriblər.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki , mətbuata qapalı keçirilən görüşdən sonra nazirlər birgə mətbuat konfransı təşkil ediblər.

Nazir Fidan bildirib ki, Türkiyə və Gürcüstan regionda sülh, sabitlik və rifah üçün birgə fəaliyyət göstərir. O, iki ölkənin Xəzər dənizinin enerji resurslarının dünya və Avropa bazarlarına çatdırılmasında əsas rol oynadığını vurğulayıb.

"Uzun illərdir ki, Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri vasitəsilə enerji təhlükəsizliyinə töhfə veririk. Əməkdaşlığımızı üçtərəfli və dördtərəfli formatlarda konkret layihələrə çevirmək üçün çalışırıq." - deyə o bildirib.

Fidan həmçinin qeyd edib ki, Türkiyə 16 ildir Gürcüstanın ən böyük ticarət tərəfdaşıdır. 2023-cü ildə iki ölkə arasındakı ticarət dövriyyəsi 3 milyard dolları keçib və bu rəqəmin 5 milyard dollara çatdırılması üçün işlər davam etdirilir.

Nazir Xəzər vasitəsilə keçən Şərq-Qərb Orta Dəhlizinin önəmini vurğulayaraq, bu marşrutun əsas hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun tam gücü ilə işləməsinə böyük önəm verdiklərini bildirib.

Gürcüstanın ərazi bütövlüyünü təhdid edə biləcək proseslərə dair Türkiyənin mövqeyinin açıq və qəti olduğunu qeyd edən Fidan,

"Gürcüstanın Abxaziya və Cənubi Osetiya münaqişələrinin sülh yolu ilə həllinə göstərdiyi səyləri təqdir edirik. Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə verdiyimiz güclü dəstəyi qətiyyətlə davam etdirəcəyik." - deyə bildirib.

Mövzuya görə xəbərlər