Son dəqiqə

Hakan Fidan

Hakan Fidan: Türkiyə-Azərbaycan qardaşlığı regional sülh və sabitliyin əsas dayaqlarındandır

BAKI,TurkicWorld

Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında Azərbaycan-Türkiyə münasibətlərinin hazırkı səviyyəsindən və regional məsələlərdən danışıb.

Hakan Fidan bildirib ki, Türkiyə ilə Azərbaycan arasında münasibətlər sarsılmaz bağlara söykənir və “iki dövlət, bir millət” prinsipi əsasında daim inkişaf edir.
Nazir Azərbaycanın müstəqilliyi uğrunda canından keçmiş şəhidlərin xatirəsini ehtiramla yad edib.

Fidan Azərbaycan-Türkiyə əlaqələrinin mühüm istiqamətlərindən birinin iqtisadi və ticari əməkdaşlıq olduğunu vurğulayıb. Onun sözlərinə görə, qarşılıqlı investisiyalar, birgə layihələr və ticarət dövriyyəsi hər keçən gün artır.

“Prezidentlərimiz tərəfindən qarşıya qoyulan 15 milyard dollarlıq ticarət dövriyyəsinə ən qısa zamanda çatmaq üçün bütün qurumlarımız, peşə təşkilatlarımız və ticarət palatalarımız böyük səylə çalışırlar”, – deyə nazir qeyd edib.

Hakan Fidan enerji və nəqliyyat sahələrində əməkdaşlığın da xüsusi əhəmiyyət daşıdığını bildirib. O, Azərbaycan və Türkiyənin həyata keçirdiyi layihələrin yalnız iki ölkə üçün deyil, bütövlükdə region və Avropa üçün mühüm imkanlar yaratdığını diqqətə çatdırıb.

Müdafiə sahəsində əməkdaşlıq dərinləşir

Türkiyənin xarici işlər naziri müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın yüksək səviyyədə olduğunu da vurğulayıb.
Onun sözlərinə görə, silahlı qüvvələr arasında keçirilən birgə hərbi təlimlər, təcrübə mübadiləsi və müdafiə sənayesi sahəsində əməkdaşlıq Azərbaycan-Türkiyə tərəfdaşlığının konkret göstəriciləridir.

“Qarşıdakı dövrdə də bu sahədə fəaliyyətimizi qarşılıqlı ehtiyaclar və imkanlarımız doğrultusunda inkişaf etdirməkdə qərarlıyıq”, – Fidan bildirib.
“Cənubi Qafqaz sülh və əməkdaşlıq məkanı olmalıdır”

Hakan Fidan Azərbaycan-Ermənistan münasibətlərinə də toxunaraq bölgədə sülhün və sabitliyin təmin olunmasının Türkiyə üçün əsas prioritetlərdən biri olduğunu deyib.

Nazir Azərbaycan-Ermənistan arasında sülhün əldə olunması istiqamətində son dövrdə baş verən inkişafı və Azərbaycanın konstruktiv mövqeyini məmnuniyyətlə izlədiklərini bildirib.

“Bu prosesin tamamlanması ilə regionumuzda yeni əməkdaşlıq dövrünün başlayacağına inanırıq”, – deyə Fidan vurğulayıb.
O, Cənubi Qafqazın yalnız sülh və sabitlik deyil, həm də nəqliyyat, enerji, ticarət və iqtisadi əməkdaşlıq məkanı olmasını arzuladıqlarını bildirib.
İran və Rusiya-Ukrayna müharibəsi də müzakirə olunub

Hakan Fidan İran ətrafında baş verən proseslərin də Türkiyə və Azərbaycanı yaxından maraqlandırdığını bildirib. O, problemlərin diplomatik yollarla həll edilməsinin vacibliyini vurğulayıb və bölgədə gərginliyin daha da artmasının qarşısının alınmasına çağırıb.

Türkiyəli nazir Rusiya-Ukrayna müharibəsinin Qara dənizə və regiona təsirlərindən də danışıb.
Fidan bildirib ki, müharibənin Qara dənizə yayılması, insanların həyatını və şirkətlərin fəaliyyətini təhdid etməsi qəbuledilməzdir.

“Cənab Prezidentimizin də dəfələrlə vurğuladığı kimi, istənilən sülh müharibənin özündən daha yaxşıdır. Türkiyə olaraq sülh üçün bütün səyləri göstərməyə davam edəcəyik”, – deyə o qeyd edib.

Hakan Fidan çıxışının sonunda Azərbaycan-Türkiyə qardaşlığının Türk dünyasının, Cənubi Qafqazın və daha geniş coğrafiyanın sabitliyinə bundan sonra da mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.

Mövzuya görə xəbərlər