Prezident İlham Əliyevin gənclər siyasəti dünya üçün bir nümunədir

Prezident İlham Əliyevin gənclər siyasəti dünya üçün bir nümunədir

Ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakının təmin olunması üçün həyata keçirilən bütün zəruri tədbirlər Azərbaycan gəncliyini daha işıqlı sabaha aparır. Bu yolda gənclərimizin ən böyük himayəçisi və dəstəkçisi məhz Azərbaycan Prezidenti İlham Əliyevdir. Dövlətimizin başçısının “Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram” - sözləri Azərbaycan dövlətinin gənclərə etimadının, gənclərin isə Prezidentə məhəbbətinin və dəstəyinin bariz nümunəsidir.

Bu gün Azərbaycanda Gənclər Günü qeyd olunur. 2 fevral tarixinin Gənclər Günü kimi elan olunması daim gənclərə diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həllinə xüsusi diqqət göstərən ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün Azərbaycanın gənclər siyasəti dünya miqyasında bir nümunəyə çevrilib.

Milli Məclisin deputatı Vüqar İskəndərov TurkicWorld-a açıqlamasında bildirib ki, bu gün öz uğurlarına görə regionun lider dövləti olan Azərbaycan eyni zamanda mütərəqqi gənclər siyasəti ilə dünyada fərqlənir.

“Azərbaycan az-az ölkələrdəndir ki, təqvimdən gənclərlə bağlı xüsusi gün var və həmin gün ölkədə xüsusi qeyd edilir. Həm bu, həm də hayata keçirilən işlər ölkəmizdə gənclərə xüsusi diqqət və qayğı ilə yanaşıldığını ortaya qoyur.

Heç şübhəsiz ki, burada da əsası Ulu öndər Heydər Əliyev tərfindən qoyulan və cənab Prezident İlham Əliyev tərfindən davam etdirilən gənclər siyasəti əsas rol oynayıb. 1997-ci ildə Ümummilli lider Heydər Əliyevin sərəncamı ilə 2 fevralın Gənclər günü elan edilməsi, gənclərə dövlətin diqqət və qayğısını əks etdirən çox saylı dövlət proqramlarının həyata keçirilməsi, Gənclər Fondunun yaradılması, o cümlədən dövlətin müxtəlif qurumlarında gənclərə rəhbər kimi yüksək etimad göstərilməsi də bu siyasətin nəticəsidir”, - deyə deputat bildirib.

O əlavə edib ki, bu diqqət və qayğıdan güc alan Azərbaycan gəncliyi həm də vətənpərvərliyi, öz xalqına və dövlətinə bağlılığı ilə fərqlənir.

“Biz 2020-ci ildə 44 günlük Vətən müharibəsində bunun bir daha əyani şahidi olduq. Məlum olduğu kimi cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusu 44 günlük müharibənin hər bir gününü tariximizə qələbə günü kimi yazdı. Bu müharibə bir sıra məqamları ilə yadda qaldı. Onu da deyim ki, 44 günlük Vətən müharibəsində ordumuzun misilsiz qalibiyyətinin, o cümlədən Şuşa qələbəsinin kökündə duran əsas məqamlardan biri ordu sıralarında olan gənclərimizin vətən sevgisi ilə bağlı idi. Cənab Prezidentin bəyan etdiyi kimi Vətən sevgisi bizi Qələbəyə gətirdi. Vətən sevgisi, vətənpərvərlik Qələbəmizin əsas amilinə çevrildi”, - deyə V.İskəndərov vurğulayıb.

Deputatın sözlərinə görə, bu haqq savaşımız bir daha sübut etdi ki, Azərbaycanda vətənpərvər, güclü, milli ruhda tərbiyə almış, öz torpağı, vətəni uğrunda qanından keçməyə belə hazır olan gənclər var: “Bunu da birmənalı olaraq vurğulayım ki, 44 günlük Vətən müharibəsində Qarabağ torpaqlarını, Şuşanı azad edən gənclər Heydər Əliyev məktəbinin, İlham Əliyev idarəçiliyinin yetirmələridir. Yəni, tarixi qələbəmizin əldə edilməsində əsas yükü, əsas vəzifəni məhz cənab İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi illərdə yetişən gənc nəsil yerinə yetirdi”, - deyə deputat əlavə edib.

Milli Məclisin deputatı Şahin İsmayılov isə TurkicWorld-a bildirib ki, bu gün təntənəli şəkildə qeyd etdiyimiz Gənclər Gününün də tarixi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.

“Ulu Öndər 1995-ci ildə gənclər forumunun keçirilməsi təşəbbüsünü irəli sürdü və 1996-ci ilin 2 fevral tarixində 1-ci Gənclər Forumu baş tutdu. 1997-ci ildə Ulu Öndər Heydər Əliyevin imzaladığı müvafiq sərəncamla Azərbaycan Gənclərinin Forumunun keçirildiyi tarix - 2 fevral ölkəmizdə gənclər günü kimi qeyd olunmağa başlanıldı. Ondan sonra keçən dövrdə Azərbaycanda hər 3 ildən bir gənclər forumları keçirilir. Forumlarda gənclərimizi maraqlandıran məsələlər müzakirə olunur, qərarlar qəbul olunur. Prezident İlham Əliyevin hakimiyyəti dövründə də gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsi olmuşdur. Gənclər üçün yeni imkanlar yaradılmış, onların hərtərəfli inkişafı üçün dövlət tərəfindən mühüm töhfə verilmişdir.

Bu gün hakimiyyət qollarında gənclərlə işləyən ixtisaslaşmış orqanlar mövcuddur. Biz burada xüsusi olaraq Prezident Administrasiyasında Gənclər Siyasəti və İdman Məsələləri şöbəsini, Milli Məclisin Gənclər və İdman komitəsini, Gənclər və İdman Nazirliyini, Gənclər Fondunu göstərə bilərik. Eyni zamanda Azərbaycanda 300-ə yaxın Gənclər sahəsində işləyən Qeyri-Hökümət Təşkilatları fəaliyyət göstərir. Müxtəlif elmi-tədqiqat mərkəzlərində də kifayət qədər sayda gənclərimiz çalışırlar. Biz bu misalları artıra, gəclərimizin uğurları haqqında daha çox danışa bilərik. Təbii ki, bu uğurların əldə olumasında uğurlu dövlət gənclər siyasəti dayanır. Gənclər hər zaman dövlətin diqqətini, xüsusilə prezident İlham Əliyevin dəstəyini hiss edirlər”, - deyə deputat bildirib.

O qeyd edib ki, Azərbaycan gəncləri 44 günlük Vətən Müharibəsi zamanı da olduqca böyük qəhrəmanlıq göstərdilər.

Məhz Ali Baş Komandanın rəhbərliyi və Azərbaycanın gənc əsgərlərinin şücaəti nəticəsində torpaqlarımız işğaldan azad olundu. Prezident İlham Əliyev də müharibə zamanı gənclərimizin döyüşlərdə göstərdikləri şücaətdən geniş danışmış, onların vətən uğrunda fədakarlıqlarını yüksək qiymətləndirmişdir. Mən əminəm ki, Azərbaycan gəncliyi bundan sonrakı dövrdə də Azərbaycanının inkişafı üçün əllərindən gələni edəcək və prezident İlham Əliyevin ətrafında daha sıx birləşəcəklər. Bir məqamı da xüsusi olaraq qeyd etmək istərdim. İşğal altında olan torpaqlarımızın azad olumasında iştirak edən gənclər Ulu Öndər Heydər Əliyev məktəbinin, prezident İlham Əliyevin idarəçiliyinin məzunlarıdır”, - deyə deputat əlavə edib.