Son dəqiqə

Entoni Blinken Hakan Fidan

Hakan Fidan Blinkenlə Azərbaycan-Ermənistan sülh prosesini müzakirə etdiyini açıqladı

Bakı, TurkicWorld

Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ-nin dövlət katibi Entoni Blinken ilə görüşü zamanı Azərbaycanla Ermənistan arasında sülh prosesini müzakirə etdiyini açıqlayıb.

TurkicWorld xəbər verir ki, o, bu barədə "TRT Haber"ə müsahibəsi zamanı deyib.

Onun sözlərinə görə, tərəflər bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

"Bundan əlavə regional məsələləri, Cənubi Qafqazdakı vəziyyəti, Azərbaycan və Ermənistan arasındakı sülh prosesini müzakirə etdik", - deyə, H.Fidan bildirib.

Qeyd edək ki, bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində ABŞ dövlət katibi Antoni Blinkenin təşəbbüsü və iştirakı ilə Nyu Yorkda görüş keçiriblər.

Tərəflər mümkün qısa müddət ərzində Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Sazişin yekunlaşdırılması üçün əlavə səylərin göstərilməsi barədə razılığa gəliblər. Azərbaycan və Ermənistan tərəfləri görüşü təşkil etdiyinə görə dövlət katibinə minnətdarlıq bildiriblər.

Mövzuya görə xəbərlər