Bakı, TurkicWorld
Sentyabrın 1-də keçirilən parlament seçkiləri ilə bağlı sosial şəbəkələrdə 509 görüntü yayılıb.
TurkicWorld -in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov MSK-nın bu gün keçirilən iclasında deyib.
O qeyd edib ki, görüntülər 25 seçki dairəsinin 49 məntəqəsini əhatə edir.
MSK sədri Məzahir Pənahov isə bildirib ki, bütün görüntülər araşdırılmalı və müvafiq addımlar atılmalıdır.
Qeyd edək ki, sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. Seçkiləri müşahidə etmək üçün 112 min 749 yerli müşahidəçi qeydə alınıb. Onlardan 65 mindən çoxu siyasi partiyaların nümayəndələridir. Qeydə alınmış beynəlxalq müşahidəçilərin sayı 598 nəfər olub ki, onlar 51 Təşkilatı, 69 ölkəni təmsil edib. Parlament seçkilərində qeydə alınan 990 namizəddən 305-i 25 siyasi partiyanın nümayəndəsidir. 371 nəfər siyasi partiyaların üzvü olmasına baxmayaraq, partiyalar tərəfindən namizəd olaraq irəli sürülməyiblər. Ümumilikdə 676 namizədin siyasi partiya mənsubiyyəti var.