Heydər Əliyev tərəfindən yaradılan müstəqil dövlətimizin gələcəyi etibarlı əllərdədir - Naqif Həmzəyev

Heydər Əliyev tərəfindən yaradılan müstəqil dövlətimizin gələcəyi etibarlı əllərdədir - Naqif Həmzəyev

“Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır” deyən Ümummilli lider Heydər Əliyev xalqımız qarşısında tarixi xidmətləri ilə ən uca zirvəyə ucalıb, planetin nəhəng siyasətçiləri sırasında dayanan böyük azərbaycanlısı kimi əbədilik qazanıb.

Bunu Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib.

Millət vəkili bildirib ki, müasir Azərbaycan dövlətinin qurucusu, xalqının və dövlətinin inkişafı naminə misilsiz zəhməti ilə qəlblərdə taxt quran Ulu öndər Heydər Əliyev hər zaman qürur hissi ilə xatırlanır: “Bütün mənalı ömrünü öz xalqının və Vətəninin inkişafı naminə sərf edən Ümummilli liderə xalqımızın məhəbbəti sonsuzdur, əbədidir. Heydər Əliyev zamanın ən çətin və mürəkkəb sınaqlarından məharətlə keçərək, Azərbaycanı bütün dünyaya tanıtdı, ölkəmizə əbədi müstəqillik bəxş etdi, Vətənimizi təhlükələrdən, Azərbaycanı dünya xəritəsindən silinmək təhlükəsindən xilas etdi. Böyük şəxsiyyət müstəqilliyi bərpa etdi, dövlətimizi qurdu və inkişaf etdirdi. Ən əsası, Heydər Əliyev milli qürurumuzu özümüzə qaytararaq, azərbaycanlıların birliyini, millət, torpaq, Vətən və bayraq sevgisini bərpa etdi. “Həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” deyə bizə Azərbaycanı məhz onun kimi sevməyi öyrətdi. Dahi şəxsiyyət xalqımızın xoşbəxt, firavan gələcəyi üçün etibarlı bünövrə yaradaraq, dövlət idarəçilik mexanizmini formalaşdırıb. “Biz müstəqil Azərbaycan kimi əzəmətli bir abidənin təməlini qoyuruq, onu qururuq, yaradırıq. Onu indiki nəsillər üçün yaradırıq, gələcək nəsillər üçün yaradırıq. Bizim üzərimizə şərəfli vəzifə düşübdür və bunu layiqincə yerinə yetirməliyik”. Bu sözləri qeyd edən fitri zəkaya malik dahi şəxsiyyətin uzaqgörən siyasəti sayəsində bütün sahələrində gedən köklü islahatlar Azərbaycanın dirşəlişi, qurtuluşu oldu. Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan bir çox təhlükələr qarşısında qalanda Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışı dövlətçilik tariximizin şanlı səhifəsini təşkil etməklə, ölkədə köklü dəyişikliklərin baş verməsinə səbəb oldu. Ulu öndər Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını müəyyən etdi, inkişafın Azərbaycan modelini yaratdı. Müstəqil Azərbaycanda demokratik, hüquqi dövlətin qurulması, ölkəmizin beynəlxalq miqyasda nüfuz qazanması da Heydər Əliyev siyasətinin bəhrəsidir”.

N.Həmzəyev vurğulayıb ki, Azərbaycan yalnız Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra özünün geosiyasi imkanlarını gerçəkləşdirməyə başladı: “Heydər Əliyevin siyasi zəkası sayəsində Azərbaycanın beynəlxalq aləmdən təcrid olunmaq təhlükəsi aradan qaldırdı. Heydər Əliyev dünyanın siyasət zirvəsinin ən uca yerində Azərbaycanın adını əbədi həkk etdi. Bu günün müasir, müstəqil Azərbaycanın təməli Heydər Əliyev siyasi fəlsəfəsinə söykənib. Ölkəmizin hərtərəfli inkişafı, iqtisadiyyatımızın yüksəlişi böyük öndər Heydər Əliyevin qoyduğu bünövrənin üstündə ucalır. Ümummilli lider Heydər Əliyevin ən böyük arzu - Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, zəbt olunmuş torpaqlarımızın erməni işğalından azad edilməsi, soydaşlarımızın ata-baba yurdlarına qayıtmaları idi. Heydər Əliyev dəfələrlə qeyd edirdi ki, “Dağlıq Qarabağ məsələsi Azərbaycanın müstəsna səlahiyyətinə daxildir və onu Azərbaycan Respublikası özü həll etməlidir”. “Çıxış yolu birdir, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz bir hissəsidir. Dağlıq Qarabağ Azərbaycanın tərkibində olub və gələcəkdə də daim olmalıdır və Dağlıq Qarabağda vəziyyəti ancaq bu şərtlə həll etmək olar. Bunun başqa yolu yoxdur”. Zaman yetişdi, Ümummilli lider Heydər Əliyevin ən böyük arzusu – Qarabağın mənfur düşmənlərdən, işğalçı ermənilərdən azad olunmasını gerçəkləşdi. Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin polad iradəsi, sarsılmaz qətiyyəti, müzəffər Ordumuzun qüdrəti, əsgər və zabitlərimizin qəhrəmanlığı, xalqımızın monolit birliyi sayəsində Azərbaycan misilsiz bir Zəfər qazandı, torpaqlarımız düşmən işğalından birdəfəlik azad edildi. "Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri xalqın köməyi və dəstəyi ilə İlham Əliyev başa çatdıra biləcək". Ömrünün son günlərində, 2003-cü il oktyabrın 1-də Azərbaycan xalqına müraciətində İlham Əliyevi nəzərdə tutub Ulu öndərin dediyi bu sözlər tam təsdiqini tapıb. Məhz bunun üçün də Azərbaycan Prezidentinin ətrafında sıx birlik nümayiş etdirən xalqımız əmindir ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən yaradılan müstəqil dövlətimizin gələcəyi etibarlı əllərdədir”.