AŞPA-nın Azərbaycana qarşı qətnaməsinin müəllifləri ermənipərəst qüvvələr oldu - Jan-Mişel Bryun

AŞPA-nın Azərbaycana qarşı qətnaməsinin müəllifləri ermənipərəst qüvvələr oldu - Jan-Mişel Bryun

Bakı. TurkicWorld:

Parisdə yerləşən La Gazette du Caucase onlayn qəzetinin baş redaktoru, tanınmış fransalı jurnalist Jan-Mişel Bryun yeni məqalə dərc edib.

TurkicWorld xəbər verir ki, məqalə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan nümayəndə heyətinin etimadnamələrini ratifikasiya etməmək qərarı barədədir.

"Geosiyasi nöqteyi-nəzərdən bu mövqeni anlamaq çətindir. Çünki bu zaman beynəlxalq ictimaiyyətin, xüsusən BMT-nin Təhlükəsizlik Şurasının dörd ardıcıl qətnaməsi vasitəsilə Azərbaycanın ərazi suverenliyinin müdafiəsinin zəruriliyini və Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu tanıması faktı, görünür, nəzərdən qaçır. Fransa başda olmaqla, Avropa ölkələri özləri bu qətnamələrin lehinə səs verib", - məqalədə deyilir.

Müəllifin fikrincə, AŞPA-nın bəyannaməsində həqiqəti əks etdirən heç nə yoxdur. Onun fikrincə, AŞPA-nın bu cür addımı, xüsusən beynəlxalq hüquqa riayət etdiyini bildirən qurum tərəfindən atıldığını nəzərə aldıqda, təəccüb doğurur.

"Bundan başqa, bəyannamədə erməni mətbuatını xatırladan fikirlərdən istifadə olunur və görünür, ermənipərəst lobbi tərəfindən Qərb siyasətçiləri və KİV-in maraqlarında hazırlanıb. Xüsusən Ermənistan Azərbaycan ərazisini işğal etdiyi dövrdə Azərbaycanın Ermənistanda seçki hüquqlarını heç vaxt məhdudlaşdırmağa çalışmadığını nəzərə aldıqda, Azərbaycanın seçki hüquqlarını məhdudlaşdırmaq cəhdləri də bir o qədər təəccüb doğurur. Azərbaycan Avropa Şurasına üzv olanda təşkilat Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı heç bir tədbir görmədi və yalnız hüquqi qüvvəsi olmayan bir neçə bəyanat dərc etdi", - deyə o vurğulayıb.

Onun sözlərinə görə, humanitar nöqteyi-nəzərdən qətnamədə istifadə olunan fikirlər nüfuzlu erməni lobbiçiləri tərəfindən gücləndirilən erməni milliyyətçilərinin təkrarlanan açıqlamaları ilə heyrətamiz dərəcədə bənzərliyə malikdir.

"Heç bir halda Ermənistanın mülki əhalisi təhdid altında olmayıb və heç vaxt onların təxliyəsi tələb edilməyib. Məhz Ermənistan da daxil olmaqla, heç bir ölkə tərəfindən tanınmayan qondarma separatçı qurumun hakimiyyəti bəzən hədə-qorxuya əl ataraq, Xankəndi sakinlərini getməyə təşviq edib. Xüsusən regionda kütləvi entik təmizləmələrdə iştirak edən yeganə ölkənin Ermənistan olduğunu nəzərə aldıqda, bu vəziyyəti etnik təmizləmə adlandırmaq son dərəcə yersizdir. 1987-ci ildə Ermənistan paytaxt İrəvanın yaxınlığında yaşayan 250 min azərbaycanlını qovdu, daha sonra 1991-1993-cü illərdə isə erməni işğalı zamanı 750 min azərbaycanlını Qarabağdan çıxardı", - deyə Jan-Mişel Bryun vurğulayıb.

O bildirib ki, Qarabağı ermənilərin "vətəni" adlandırmaq, demək olar ki, gülməlidir. Hətta Ermənistan Milli Yığıncağının sədri Alen Simonyan da dolayı yolla ermənilərin Qarabağda min il ərzində mövcudluğunun son 30 il ərzində uydurulmuş nağıl olduğunu etiraf edib.

"Qərb blokunun gözündə təbii sərvətlərlə zəngin və böyük geostrateji əhəmiyyətə malik Qafqaz regionunda birbaşa nəzarət təyin edilməsə, ən azından strateji dayaq məntəqələri yaratmaq zəruri idi. Bu, "Yeni İpək Yolu"nda mühüm qovşaq olmaqla, Rusiya, İran və Türkiyənin yaxınlaşma nöqtəsi idi.

XVIII və XIX əsrlərdən başlayaraq Rusiya imperiyası xristian Ermənistanı Fars və Osmanlı imperiyalarına qarşı bufer olaraq istifadə edib. Birinci dünya müharibəsində Rusiya və müttəfiqləri Anadoludakı ermənilərdən Məhvər oxuna qoşulan osmanlılara qarşı daxili cəbhə olaraq istifadə etdi.

Bu manipulyasiyalarda böyük oyunçu olan Fransa ABŞ ilə 15 ildən uzun müddət idi ki, sıx əlaqədə idi. Fransanın Avropada nüfuzlu bir dövlət olan Azərbaycanla diplomatik qarşıdurmasının əsas motivasiyası daxili siyasətdən qaynaqlanır. Fransanın çox sayda strukturlarda, o cümlədən, siyasi partiyalar, yerli seçki nümayəndəliklərində və kütləvi informasiya vasitələrində mühüm mövqelər tutan erməni diasporunu gözardı etmək olmaz. Lakin Fransanın mövqeyinin əsas təkanverici qüvvəsi onun daxili siyasətidir.

Fransa hökuməti xüsusən daxili işlər naziri Jerald Darmanenin təsiri altında diqqəti Fransada "sarı jiletlilər"in etirazları, fermerlərin narazılığı, dövlət xidmətlərinin pisləşməsi, səhiyyə, təhsil problemləri, əhalinin yoxsullaşması və orta sinifə vergi təzyiqi kimi əsas sosial problemlərdən ayırıb digər problemlərə yönəltmək və xəyali rəqibə - immiqrasiya və müsəlmanlara - qarşı yönəltməyə qərar verdi", - deyə müəllif yazır.

Bryun məqalədə qeyd edir ki, Bakı hökuməti, şübhəsiz, AŞPA-nın qətnaməsinə qarşı kəskin etiraz edərək, Fransa Senatının bu yaxındakı qətnaməsi ilə narazı olduğunu bildirib.

"Lakin burada nəsə Azərbaycana təsir edirmi? Bu ölkə mühüm iqtisadi inkişaf mərhələsindədir. Erməni qoşunları tərəfindən dağıdılmış Qarabağ şəhərləri cəmi bir neçə ay ərzində bərpa olundu və əzəli sakinləri buraya geri döndü. Bakı COP29 konfransına ev sahibliyi etməyə hazırlaşır, Şuşa müsəlman dünyasının mədəniyyət paytaxtı elan olunub. Azərbaycan özünün enerji ötürücüləri tədarükləri sayəsində Avropada həyat səviyyəsinin dəstəklənməsində həlledici rol oynayır.

Beləliklə, AŞPA-da səsvermənin dondurulması və ya bir sıra fransız və ya alman siyasətçinin bəyanatları Bakı üçün nə əhəmiyyət daşıyır? Görünür, elə də əhəmiyyət daşımır.

Azərbaycan Avropa və ya hər hansı digər ölkəyə arxalanmadan sülh danışıqlarında iştirak edə bildiyini nümayiş etdirdi ki, bu da Strasbuqrdakı çıxışı bir qədər əhəmiyyətsiz edir. Qətnamə təsdiq olunarsa, Azərbaycan, ola bilsin ki, bu təşkilat çərçivəsində bütün fəaliyyətini dayandırmaqla və göründüyü qədərilə insan hüquqlarını hazırda üstünlük təşkil edən ideologiyaya əsasən müəyyən edən Avropa İnsan Haqları Məhkəməsindən çıxmaqla reaksiya verə bilər.

Lakin etiraf etmək lazımdır ki, Avropa Azərbaycandan daha çox asılıdır, nəinki Azərbaycan Avropadan. Azərbaycan energetika, beynəlxalq daşınmalarda əsas oyunçudur və bərpa olunan enerji mənbələri sahəsində lider olmaq üzrədir. Xüsusən Avropa öz iqtisadi və siyasi nüfuzunu müstəsna olaraq Rusiya və Çinə ötürməkdən qaçırsa, regionun sabitliyi Avropanın ümumi nizamı üçün həyati əhəmiyyət kəsb edir. Bununla belə, görünür, bu ideologiya, adətən, məntiqə üstün gəlir.

Bəzi siyasətçiləri və ictimai düşüncə liderləri "sivilizasiyaların toqquşması" barədə nağıl uyduraraq beynəlxalq qarşıdurmanın "xristian" və "müsəlman" millətlər arasında təzahür etdiyini iddia edirlər, hərçənd Azərbaycan dünyəvi dövlətdir. Nəticədə, Avropa hər vəchlə Azərbaycanın bütün əraziləri üzərində suverenliyi bərpa etməsi və otuz il ərzində torpaqlarının bir hissəsini işğal etmiş xarici silahlı qüvvələri qovması ilə barışmağa çalışır.

Azərbaycanın buna müstəqil şəkildə, Avropanı cəlb etmədən nail olması, xüsusən həmsədrləri Fransa və ABŞ olan Minsk qrupunun Azərbaycanın ay yarıma həll etdiyi münaqişənin həllini tapmaqda bacarıqsızlığını nəzərə aldıqda, heyrət doğurur.

AŞPA-da 2020-ci ildən səsləndirilən məntiqsiz çıxışlar da, görünür, bununla izah olunur. Avropada artmaqda olan islamofobiyia ultrasağçı partiyaların güclənməsi ilə birlikdə həm də son aylarda Azərbaycana və eyni zamanda, Türkiyəyə qarşı əsassız açıqlamalarını artıran digər Avropa institutlarının təkrarlanan mövqeyinə aydınlıq gətirir.