Fransa mətbuatı Azərbaycan Ordusunun Ermənistanın təxribatına qarşı hərbi əməliyyatından yazıb

Fransa mətbuatı Azərbaycan Ordusunun Ermənistanın təxribatına qarşı hərbi əməliyyatından yazıb

Bakı. Trend:

Fransanın “La Gazette” xəbər portalı sentyabrın 12-də gecə saatlarında Azərbaycan ordusu tərəfindən Ermənistanın təxribatlarına cavab olaraq həyata keçirilən hərbi əməliyyat barəsində məqalə dərc edib.

Trend-in məlumatına görə, məqalədə bildirilib ki, Azərbyacan ordusunun ötən gecə İrəvanın təxribatına qarşı həyata keçirdiyi cavab tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin Laçın, Kəlbəcər və Zəngilan istiqamətlərində qurduğu bütün hərbi təyinatlı obyektlər darmadağın edilib.

“Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycana qarşı həyata keçirmək istədiyi növbəti təxribatın bədəlini ağır şəkildə ödədi. Rəsmi İrəvan ictimai qınaqdan qorxduğu üçün açıqlamasa da, itkiləri Azərbaycan tərəfinin itkilərindən qat-qat çoxdur, yüzlərlə yaralısı var”,- deyə məqalədə qeyd olunub.

Həmçinin məqalədə vurğulanıb ki, son dövrlər Ermənistan tərəfinin siyasi və hərbi davranışları göstərirdi ki, bu ölkə revanşa, Azərbaycana hücuma hazırlaşır, hərbi əməliyyatlara start vermək fikrindədir.

“Artıq rəsmi İrəvan anlamalıdır ki, hər hansı xarici gücə arxalanıb Azərbaycana qarşı təxribat hazırlamaq planı baş tutmur və təbii ki Azərbaycan bütün hərbi tədbirləri beyəlxalq hüquqa uyğun olaraq, öz sərhədlərinin müdafiəsi məqsədi ilə həyata keçirdi və cavab tədbirləri zamanı Ermənistan əhalisinə, mülki infrastruktura heç bir ziyan vurulmadı”, -deyə məqalədə əlavə olunub.