Pelosinin İrəvana səfəri bölgədə sülhün və sabitliyin bərqərar olması üçün atılan addımlara xidmət etmir - Fransa mətbuatı

Pelosinin İrəvana səfəri bölgədə sülhün və sabitliyin bərqərar olması üçün atılan addımlara xidmət etmir - Fransa mətbuatı

Bakı. TurkicWorld:

Fransanın “La Gazette” (https://www.lagazetteaz.fr/) xəbər portalında Azərbaycan-Ermənistan dövlət sərhədində yaşanan gərginliklər fonunda ABŞ konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin ötən həftə İrəvana səfəri, ermənilərə verdiyi qeyri-səmimi vədlər və Azərbaycan əleyhinə səsləndirdiyi bəyanatlar, eləcə də bu səfərin bölgədə sülhün və sabitliyin bərqərar olması üçün atılan addımlara və ABŞ-nin siyasi-iqtisadi maraqlarına xidmət etmədiyi barədə məqalə dərc olunub.

Məqalədə bildirilib ki, ABŞ rəsmisinin İrəvan səfərinin və bu səfər çərçivəsində Azərbaycan əleyhinə verdiyi ədalətsiz bəyanatların səbəblərindən biri Pelosinin dünyada erməni maraqlarının əsas müdafiəçilərindən olmasıdır. Həmçinin, Nensi Pelosini ermənilərə yaxınlaşdıran əsas faktorlardan biri kimi bu yaxınlarda ABŞ-də qarşıdan gələn aralıq seçkiləri də qeyd olunur.

ABŞ rəsmisinin İrəvana səfərinin Azərbaycan və Ermənistan üçün gələcək siyasi və iqtisadi nəticələrinə də toxunulan məqalədə vurğulanıb ki, Ermənistan dövlətinin siyasi və iqtisadi quruluşuna, ölkəni idarə edənlərin diplomatik hədəflərinə nəzər salsaq görərik ki, İrəvanın əsas məqsədi düşdüyü çətin iqtisadi və siyasi fəlakətdən minimum itki ilə çıxmaqdır.

“İrəvan çıxış yolu, ümid yeri kimi okeanın o tərəfində yerləşən ABŞ-ni görür. ABŞ-nin strateji hədəflərini nəzərə alsaq, Ermənistan onun üçün heç bir əhəmiyyət kəsb etmir və Vaşinqtonun İrəvana verdiyi vədlərin hər hansı birinə əməl edəcəyi real görünmür. İtirən reallıqları dərk etməyən erməni cəmiyyəti və siyasi hakimiyyət olacaq”, - deyə məqalədə əlavə edilib.

Həmçinin qeyd olunub ki, Azərbaycan Cənubi Qafqazın açar dövləti və Avropanın enerji təhlükəsizliyində önəmli rol oynayır.

“Amma görünən odur ki, Pelosi ABŞ-nin qlobal maraqlarına qarşı çıxmaqdan, ermənilərin dəstəyini qazanmaq üçün bölgədə gələcək sülhə və sabitliyə təhdid yaradacaq bəyanatlar səsləndirməkdən çəkinmir. Pelosi də anlayır ki, ABŞ-ın Azərbaycana iqtisadi cəhətdən təsir gücü çox azdır, hətta Vaşinqtonun Bakıdan böyük iqtisadi gözləntiləri də var”, - deyə yekun olaraq məqalədə bildirilib.