Fransa mediasında Praqa görüşü zamanı Azərbaycanın sərgilədiyi qətiyyətli mövqe barədə məqalə dərc olunub

Fransa mediasında Praqa görüşü zamanı Azərbaycanın sərgilədiyi qətiyyətli mövqe barədə məqalə dərc olunub

Bakı. Trend:

Fransanın “La Gazette”xəbər portalında oktyabrın 6-da Praqada Avropa Siyasi Birliyinin birinci sammiti çərçivəsində Azərbaycan Respublikasının, Fransa Respublikasının, Avropa İttifaqı Şurasının və Ermənistanın rəhbərlərinin dördtərəfli görüşü zamanı sonuncunun suveren dövlət olmadığını bir daha təsdiqlədiyi barədə məqalə dərc olunub.

Trend-in məlumatına görə, məqalədə bildirilib ki, Paşinyan Fransanın da iştirak etdiyi görüşdə özünü qətiyyətli hiss edir, Fransa tərəfi də Ermənistanı dəstəklədiyini açıq gizlətmirdi. “Ermənistan və Fransa sərhəddə baş vermiş son insidentlərə görə Azərbaycana təzyiq göstərəcəklərini düşünə bilərdilər. Amma Azərbaycan tərəfinin qəti mövqeyi və prinsipiallığı buna imkan vermədi - 5 saatdan artıq çəkən və 2 hissədən ibarət olan görüşdə Azərbaycana qarşı hər hansı bir formada təzyiq cəhdinin qarşısı alındı”, - deyə məqalədə vurğulanıb.

Xatırladılıb ki, yekunda qəbul edilmiş bəyanatda Azərbaycan və Ermənistan bir-birilərinin ərazi bütövlüyü və suverenliyini tanıdılar və bu xüsusda BMT nizamnaməsi əsas sənəd kimi götürüldü. “Bu o deməkdir ki, Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğu bir daha təsdiq edildi. Suverenliyi tanımaqla Ermənistan Qarabağ üzərində Azərbaycanın hakimiyyətini tanıyır.”

Həmçinin qeyd olunub ki, bu görüş çərçivəsində Aİ və Fransa Azərbaycan ərazilərini də əhatə edəcək birgə sərhəd monitorinq missiyası yaradaraq bundan regiona daxil olmaq üçün istifadə etmək istəyirdi.

“Lakin öz suverenliyinə dəyər verən Azərbaycan buna etiraz etdi. Azərbaycanın qəti mövqeyindən sonra belə razılaşdırıldı ki, bu missiya yalnız Ermənistan ərazisində olacaq. Azərbaycan isə missiya ilə əməkdaşlıq edəcək, sərhəd missiyası etimad quruculuğu və sərhədlərin delimitasiyasına töhfə və dəstək verəcək”, - deyə məqalədə əlavə olunub.

Yekun olaraq bildirilib ki, Azərbaycanın maraqları bu görüşdə bir daha layiqincə qorundu. “Ermənistan isə bu sərhəd missiyasına razılıq verməklə suveren dövlət olmadığını bir daha göstərdi. Bu, həm də Rusiyaya qarşı yeni və ciddi addımdır”, - deyə məqalədə vurğulanıb.