Türkiyənin verdiyi siyasi və mənəvi dəstək qələbənin əldə edilməsində əvəzsiz rol oynayıb - Ceyhun Bayramov

Türkiyənin verdiyi siyasi və mənəvi dəstək qələbənin əldə edilməsində əvəzsiz rol oynayıb - Ceyhun Bayramov

44 gün ərzində Türkiyənin ən yüksək səviyyədə ölkəmizə verdiyi siyasi və mənəvi dəstəyi şanlı Qələbənin əldə edilməsində əvəzsiz rol oynayıb.

TurkicWorld-un məlumatına görə bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türk Şurasının Xarici İşlər Nazirləri Şurasının İstanbulda keçirilən səkkizinci iclasında çıxışı zamanı deyib.

Nazir qeyd edib ki təqribən son 30 il ərzində Ermənistan tərəfindən Azərbaycanın işğal altında olmuş ərazilərində urbisid, kultursid və ekosid cinayətləri törədilib, bütün mədəni və dini abidələr viran qoyulub, 9 şəhər və yüzlərlə kənd yer üzündən silinib.

"Qeyd etmək istərdim ki, müharibənin ilk saatlarından qardaş Türkiyə Azərbaycana dəstək vermişdir. 44 gün ərzində Türkiyənin ən yüksək səviyyədə ölkəmizə verdiyi siyasi və mənəvi dəstəyi şanlı Qələbənin əldə edilməsində əvəzsiz rol oynamışdır. Bu müddət ərzində qardaşım Mevlüt Çavuşoğlu 5 dəfə Azərbaycana səfər etmişdir. Fürsətdən istifadə edərək, xarici işlər naziri Mevlüt bəyin simasında qardaş Türkiyəyə təşəkkür ifadə etmək istərdim. Türk Şurası 44 günlük müharibə dövründə Azərbaycana dəstək olan bir sıra açıqlamalar vermişdir. Həm Türk Şurasına, həm də bizə dəstək olan bütün dost ölkələrə buna görə təşəkkürümüzü bildiririk.

Bir neçə gün öncə, 8 noyabr tarixində Zəfərimizin birinci ilini qeyd etdik. Münaqişənin başa çatması ilə əlaqədar Azərbaycan münaqişə sonrası bərpa və yenidənqurma mərhələsinə qədəm qoymuşdur. Bundan sonra regionda proseslər yaranmış yeni reallıqlar əsasında inkişaf edəcəkdir. Dünya birliyinin bu inkişafa dəstəyi regionda sülhün, sabitliyin və rifahın möhkəmlənməsinə xidmət edə bilər." - deyə nazir bildirib