Bakı, TurkicWorld:
15 iyun 2021-сi ildə imzalanan Şuşa Bəyannaməsi yaxın beş il ərzində bölgədə sülh və təhlükəsizliyin təmin olunmasında əsas sənəd kimi çıxış edəcək.
Bu sözləri TurkicWorld-a özəl açıqlamasında politoloq Amid Əliyev bildirib.
"Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərində keyfiyyət və kəmiyyət baxımından yeni mərhələnin başlanmasını təsbit etdi. Bəyannamənin imzalanmasına qədər iki dövlət birgə din,dil, tarix bağları əsasında birləşmişdilərsə, Şuşa Bəyannaməsi hər iki dövləti strateji müttəfiqlik səviyyəsinə qədər qaldırdı. Bəyannamə Azərbaycanın milli təhüləksizliyinin və maraqlarının qorunmasında Türkiyənin vacib və əvəzedilməz rolunu önə çıxarır. Buna uyğun olaraq bu gün Ermənistanın Türkiyə ilə münasibətləri məhz bu xətt üzrə inkişaf edir", - deyə A.Əliyev əlavə edib.
Politoloq onu da vurğulayıb ki, hər bir proses Azərbaycanın milli maraqlarına uyğun olmalıdır və Türkiyə dövləti də bunu əsas tutur.
"Bəyannamənin Şuşada imzalanması bölgədə marağı olan və sülh gündəliyinə əngəl olmaq istəyən qüvvələrə sətraltı mesaj kimi də qəbul edilə bilər. Eyni zamanda, bu bəyannamə ilə Azərbaycan Ordusunun yenidən təşkilatlanması məhz Türkiyə Ordusunun standartları əsasında aparılır. İl ərzində müxtəliv təyinatlı qarşılıqlı hərbi təlimlər isə ordunun döyüş qabiliyyətini artırmağa və peşəkarlığın mənimsənilməsinə xidmət edir. Bundan əlavə, xarici siysət və diplomatiya sahəsində də hər iki dövlətin Xarici İşlər Nazirliklərinin birgə fəaliyyət göstərməsi, lazımi anda müvafiq addımların birgə atılmasını də bu bəyannamə şərtləndirir", - deyə o qeyd edib.
A.Əliyev hesab edir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iki gün öncə Azərbaycana səfəri də məhz Şuşa Bəyannaməsinin imzalanmasının ildönümünə təsadüf etdi və bir daha bəzi dəirələrə ciddi mesajlar ötürüldü.
"Səfər çərçivəsində Şuşada tezliklə Türkiyənin konsulluq təsis etməsi də bir daha təsbit olundu. Bu gün regionda baş verən siyasi hadisələr fonunda bu addımların atılması həm Azərbaycanın mövqeyinə dəstək göstərilməsi, həm də sülhü və təhlükəsizliyi ciddi şəkildə təhdid edən qüvvələrə xəbərdarlıq kimi qiymətləndirilməlidir. Keçən iki il ərzində bəyannamənin siyasi və hüquqi dəyəri daha da artıb və bu bəyannamənin maddələrinin hüquqi çərçivəsi daxilində olduqca vacib addımlar atılıb", - deyə politoloq vurğulayıb.
Qeyd edək ki, Şuşa Bəyannaməsi 2021-ci il iyunun 15-də Şuşa şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında müttəfiqlik münasibətləri haqqında imzalanan bəyannamədir.
Ləman Əsədli
Twitter: Lamanasadli01

