Bakı, TurkicWorld:
İranın Ermənistanı dəstəkləməsi bölgədə sülhün bərqərar olmasını ləngidir və mövcud şəraitin daha da kəskinləşməsini hədəfləyir, bu sözləri TurkicWorld-a özəl açıqlamasında politoloq Amid Əliyev bildirib.
“İran meyilli casus şəbəkəsinin Azərbaycan xüsusi xidmət orqanları tərəfindən zərərsizləşdirilməsi və bir sıra qrup üzvlərinin həbsi onu deməyə əsas verir ki, son 30 il ərzində İran ölkə daxilinə öz proksilərini yerləşdirməyi bacarıb və özünə meyilli qruplar yarada bilib”, - deyə politoloq qeyd edib.
Onun sözlərinə görə, qeyd olunan siyasət Azərbaycanın milli təhlükəsizliyinə və maraqlarına ciddi təhlükə yaratdığı üçün tam həyata keçirilmiş əməliyyat tədbirləri vasitəsilə qarşısı alınıb və bundan sonra da Azərbaycana qarşı bu cür siyasətin qarşısı alınacaq.
“Bu tədbirlərin nə dinlə, nə də ki hansısa məzhəblə heç bir əlaqəsi yoxdur. İran meyilli qruplar Azərbaycanda ictimai-siyasi sabitliyin pozulması və dini hakimiyyətin qurulmasını qarşıya hədəf kimi qoymuşdu ki, bu da Azərbaycanın daxili işlərinə qarışmaq və qanuni dövlət quruluşunu devirmək cəhdləri kimi qiymətləndirilib. Məqsəd Azərbaycanın qalib mövqeyinə zərbə endirmək, sülh sazişinin imzalanmasını gecikdirmək və Zəngəzur dəhlizinin açılmasına imkan verməməkdən ibarətdir”, - deyə A. Əliyev əlavə edib.
Politoloqun sözlərinə görə, bu siyasət isə gec-tez İran-Ermənistan tandeminə qarşı kəskin silaha çevriləcək.
“Hazırda İran tərəfindən rəsmi olaraq Azərbaycanla əlaqələrin bərpa olunmasına cəhdlər müşahidə olunur. Son günlər iki ölkənin Xarici İşlər Nazirləri arasında aktivləşən telefon danışıqları və eləcə də Azərbaycanla bağlı olan müştərək layihələr ətrafında baş verən canlanma bunu deməyə əsas verir. Lakin İran yaddan çıxarmamalıdır ki, yeni müstəvidə əməkdaşlığa başlamaq üçün birinci Ermənistana haqsız dəstəyi dayandırmalı, bölgədə sülhün təmin olunmasında Azərbaycanın mövqeyini dəstəkləməli, Azərbaycanın daxili işlərinə qarışmamalı, İran KİV-lərində Azərbaycana qarşı başlanmış qara PR siyasəti dayandırılmalı, Azərbaycan sərhədlərində hərbi əməliyyatları və əzələ nümayişini göstərməməli və sonda Azərbaycan səfirliyinə qarşı törədilmiş terror hadisəsinə görə Azərbaycana beynəlxalq hüququn prinsiplərinə görə cavab verməlidir. Məhz bunlardan sonra İranla əməkdaşlığın bərpası məsələsinə baxıla bilər”, - deyə A. Əliyev bildirib.







