Bakı. TurkicWorld:
Hazırda baş verən siyasi proseslər fonunda ATƏT-in Minsk qrupunun yenidən gündəmə gətirilmə cəhdləri uğursuz olacaq, belə ki, bunu əsaslandıran bir neçə mühüm faktorlar var.
Bu sözləri TurkicWorld-ə özəl açıqlamasında politoloq Amid Əliyev bildirib.
“Birincisi, hazırda Qərb, xüsusilə də ABŞ və Rusiya Ukrayna platformasında bir-birinə qarşı rəqibə çevrilib. İkincisi, qrupun digər həmsədri Fransanın həm Avropada, həm də bölgədə siyasi nüfuzu yetəri qədər aşağı düşüb və digər iki həmsədrlərlə də münasibətləri ürəkaçan deyil”, - deyə o əlavə edib.
Politoloqun sözlərinə görə, rəsmi olaraq Azərbaycan mövcud vəziyyətin həll olunmasında Minsk qrupu formatını məqbul hesab etmir.
“Artıq üç ildir ki, danışıqlar və görüşlər vasitəçilərin, xüsusilə də Qərbin iştirakı ilə keçirilir. Yenidən köhnə formata qayıtmaq Azərbaycanın maraqlarına ziddir. Keçən 30 il ərzində keçmişdəki münaqişənin həll istiqamətində heç bir müsbət addım atmamış bir qurumun indi hansısa bir real və həlledici addım atacağını gözləmək olmaz”, - deyə A.Əliyev vurğulayıb.
O bildirib ki, bu istiqamətdə edilən çağırışlar yalnız və yalnız əldə edilmiş razılıqların əhəmiyyətini azaltmaq, ABŞ və Fransadakı erməni lobbisinin istəklərindən doğan təkliflərdir.
“Azərbaycan bölgədə sülhün və təhülkəsizliyin əldə edilməsi, eləcə də qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi üçün faydalı əməkdaşlıq platforması təklif edib və bu istiqamətdə də bir sıra müsbət nəticələr əldə edilib. Keçmişdə qalan, faydası olmayan bir təşkilatın bu proseslərə qoşulması isə müəyyən siyasi və iqtisadi dividentlərin əldə edilməsinə və şəxsi ambisiyaların bölgəyə nüfuz etməsinə əsaslanır. Azərbaycan isə buna heç bir zaman imkan verməyəcək. Sülh gündəliyi vasitəçilərin iştirakı ilə aparılır, nəticələr əldə edilir və yenidən köhnə formata qayıtmağa ehtiyac yoxdur”, - deyə politoloq əlavə edib.
A.Əliyev onu da qeyd edib ki, ATƏT-in Minsk qrupunu gündəmə gətirmək istəyən qüvvələrin məqsədi bölgədə sülh və təhlükəsizliyə töhfə verməyə yox, prosesin uzadılmasına, beynəlxalq ictimaiyyətin diqqətini bura cəlb etməyə və tərəflərə yeni lüzumsuz təkliflər verməklə cəfakeşlik görüntüsü yaratmağa yönəlib.
Ləman Əsədli
Twitter: Lamanasadli01





