Bakı. TurkicWorld:
Ulu Öndər Heydər Əliyev nəinki Azərbaycan dövləti, xalqı üçün misilsiz xidmətləri ilə yadda qalıb, eləcə də bütün türk dünyasının birliyi, həmrəyliyi naminə gördüyü işlər, irəli sürdüyü təşəbbüslər türk dünyasının beynəlxalq nüfuzunun güclənməsinə dərin töhfə verib.
TurkicWorld-un məlumatına görə, bunu Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Mehmet Süreyya Er Milli Məclisin Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş xüsusi iclasında deyib.
O bildirib ki, Heydər Əliyev tarixin müxtəlif dövrlərində bir-birindən ayrı düşmüş türk ölkələrinin birləşdirilməsi naminə yorulmaz səylər göstərib.
"Onun məqsədyönlü fəaliyyətinin uğurlu nəticələri bu istiqamətdə davamlı addımların atılmasına təkan verib. Heydər Əliyev türk dünyasının birliyinə sadəcə etnik köklərin eyniliyinə əsaslanan mədəni etnoqrafik birlik kimi yanaşmır, bu birliyin gələcəyini xüsusi diqqət mərkəzində saxlayır və daim türk xalqlarının yaxınlığının vacib olduğunu vurğulayırdı", - deyə o qeyd edib.
Mehmet Süreyya Er vurğulayıb ki, Heydər Əliyev siyasi kursunun mühüm istiqamətlərindən biri olan Azərbaycanın türk dövlətləri ilə əməkdaşlığının inkişafı bu ölkənin xarici siyasətində müstəsna yer tutmaqdadır.
"Bu gün institusional çərçivədə hərtərəfli inkişaf edən türk əməkdaşlığının hazırki səviyyəsinin kökündə türk birliyi ideyasının müəlliflərindən olan Heydər Əliyev kimi dahi şəxsiyyətlərin yorulmaz fəaliyyəti və zəhməti dayanır. Onun uğurlu siyasəti və diplomatiyası sayəsində Azərbaycanın qardaş dövlətlərlə dərinləşən və genişlənən əlaqələri hazırki ölkə rəhbərliklərinin iradəsi və əzmi ilə yeni mərhələyə qədəm qoyaraq həm ikitərəfli, həm çoxtərəfli müstəvilərdə daha da inkişaf etməkdədir. Bu əlaqələrin inkişafında parlamentlər səviyyəsində aparılan dialoq da əhəmiyyət daşıyır.
Bu gün əminliklə deyə bilərik ki, türk dövlətləri arasında əlaqələrin inkişafının daha da dərinləşməsində parlament diplomatiyası öz sözünü deyir. Heydər Əliyevin türk dünyasının birliyində rolu və misilsiz xidmətləri bir çıxışa sığmayacaq qədər böyükdür. Türk dünyasının dahi oğlu Heydər Əliyevə sevgi və rəğbət, onun xatirəsinin böyük ehtiramla anılmasında özünün aydın ifadəsini tapır", - TÜRKPA-nın Baş katibi əlavə edib.
Qeyd edək ki, Milli Məclisin Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş xüsusi iclası keçirilir. İclasda 228 xarici nümayəndə, o cümlədən 12 ölkənin parlamentinin sədri, 15 ölkə parlamentinin sədrinin müavini, 4 beynəlxalq təşkilatın nümayəndələri iştirak edir.