Son dəqiqə

Fələstin İsrail Avstraliya Binyamin Netanyahu Fələstin-İsrail iki dövlətli həll Toni Berk

Güc öldürdüyün insanların sayı ilə ölçülmür- Avstraliyanın Daxili İşlər naziri

BAKI, TurkicWorld

Avstraliya hökuməti İsrailin Baş naziri Benyamin Netanyahunun ölkənin Baş naziri Antoni Albanizini “İsrailə xəyanət edən zəif siyasətçi” adlandırmasına sərt cavab verib.

TurkicWorld xəbər verir ki, Avstraliyanın daxili işlər naziri Toni Berk dövlət televiziyası ABC-yə müsahibə verib.

“Güc, partlada biləcəyiniz insanların sayı və ya aclıqdan ölməyə məhkum etdiyiniz uşaqların sayına görə ölçülmür.”- deyə o qeyd edib.

Avstraliya ilə İsrail arasında münasibətlər ötən həftə Kanberranın sentyabrda BMT Baş Assambleyası çərçivəsində Fələstin dövlətini tanıyacağını elan etməsindən sonra kəskin şəkildə pisləşib.

Bazar ertəsi günü Avstraliya Netanyahunun hakimiyyət koalisiyasında yer alan “Dini Sionizm” partiyasının deputatı Simxa Rotmanın vizasını ləğv edib. Rəsmi Kanberra bu addımı onun mümkün çıxışlarının Avstraliya cəmiyyətində parçalanmalara səbəb ola biləcəyi ehtimalı ilə əsaslandırıb.

Ertəsi gün İsrail cavab olaraq, Fələstin Muxtariyyəti yanında fəaliyyət göstərən avstraliyalı diplomatların vizalarını ləğv edib. Bu addım Avstraliya tərəfindən təəssüflə qarşılanıb və tənqid edilib

Qeyd edək ki, Netanyahu Avstraliyanın baş nazirini “İsrailə xəyanət edən zəif siyasətçi” adlandıraraq, “Avstraliya yəhudilərindən üz döndərməkdə” ittiham edib.

Xatırladaq ki, 1950-ci illərdə Avstraliyanın cənub-şərqində yerləşən Melburn şəhəri Holokost dəhşətlərindən qaçan yəhudiləri qəbul etmişdi. Bu gün Melburn, ümumi əhali sayına görə, İsraildən sonra Holokostdan sağ çıxanların ən çox məskunlaşdığı şəhər hesab olunur.

Mövzuya görə xəbərlər