Son dəqiqə

BMT ABŞ Rusiya Ukrayna Antonio Quterreş

Quterreş Rusiya, Ukrayna və ABŞ-nin əldə etdiyi razılaşmaları alqışlayıb

Bakı, TurkicWorld

Birləşməş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş Səudiyyə Ərəbistanında Rusiya, ABŞ və Ukrayna arasında Qara dəniz təşəbbüsü ilə bağlı aparılan danışıqlarda əldə olunan razılaşmaları alqışlayıb.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, bu barədə BMT baş katibinin rəmi nümayəndəsi Stefan Düjarrikin yaydığı bəyanatda deyilir.

Bəyanatda qeyd olunub ki, Quterreş bu razılaşmanın qlobal ərzaq təhlükəsizliyinə mühüm töhfə olduğunu bildirib.

Quterreş, Rusiyadan dünya bazarlarına kənd təsərrüfatı məhsullarının çatdırılmasını nəzərdə tutan memorandumun icrasına sadiqliyini də vurğulayıb.

“Birləşmiş Millətlər Təşkilatı bu istiqamətdə ardıcıl fəaliyyət göstərir. Xüsusilə ötən il fevralın 7-də Baş katib tərəfindən Ukrayna prezidenti Volodimir Zelenskiyə, Rusiya prezidenti Vladimir Putinə və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana göndərilmiş məktublarda Qara dənizdə təhlükəsiz gəmiçiliyin təmin olunması təklif edilmişdi. BMT eyni zamanda Rusiya Federasiyası ilə imzalanmış qarşılıqlı anlaşma memorandumu çərçivəsində Rusiyadan ərzaq məhsulları və gübrələrin dünya bazarlarına çıxışının asanlaşdırılması üçün fəal iştirakını davam etdirir. Baş katib bütün sülh təşəbbüslərinə dəstək göstərməyə hazırdır”, - deyə bəyanatda qeyd olunub.

Bəyanatda, həmçinin, qeyd olunub ki, Quterreş bu cür səylərin uzunmüddətli atəşkəsin təmin edilməsinə və Ukraynada ədalətli və hərtərəfli sülhün bərqərar olunmasına töhfə verəcəyini ümid edir.

Mövzuya görə xəbərlər