Son dəqiqə

Banqladeş

Banqladeşdə şokedici zorakılıqlar dərhal dayandırılmalıdır – BMT

Bakı,TurkicWorld

Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları üzrə Ali Komissarı Volker Türk, Banqladeşdə Müstəqillik Müharibəsində iştirak edənlərin ailələri üçün dövlət idarələrində xüsusi vakant yerlərin ayrılmasından sonra başlayan etirazlar nəticəsində meydana gələn şiddət hadisələrinə diqqət çəkmək üçün təşkil edilən hökumət əleyhinə nümayişlərdə polis tərəfindən tətbiq edilən “şokedici zorakılığa” son qoymağa çağırıb.

TurkicWorld xəbər verir ki, Türk Banqladeşdə nümayişlər zamanı baş verən şiddət hadisələri ilə bağlı yazılı açıqlama verib.

“Banqladeşdə şokedici zorakılıq dayandırılmalıdır. Həftə sonu çoxlu sayda etirazçı öldürülüb.” deyə qeyd edən Türk, Siracganc bölgəsində polis bölməsinə edilən hücumda ən azı 13 polisin öldürüldüyünü bildirib.

Dakkada kütləvi yürüşün planlaşdırıldığını və hakim partiyanın gənclik strukturunun etirazçılara qarşı hərəkətə keçdiyini bildirən Türk, “Daha çox insan itkisi və geniş miqyaslı dağıntılardan dərin narahatam. Siyasi rəhbərlik və təhlükəsizlik qüvvələrinə yaşamaq hüququ, dinc toplaşmaq və ifadə azadlığını qorumaqla bağlı vəzifələrinə əməl etmələri üçün təcili çağırış edirəm”,- deyə əlavə edib.

Bir çox məmur da daxil olmaqla insan hüquqlarının pozulmasına görə məsuliyyət daşımasının həyati əhəmiyyət kəzb etdiyini qeyd edən Türk, beynəlxalq ictimaiyyətin belə kritik bir zamanda “cəzasızlığın olmayacağını” açıq şəkildə bəyan etməli olduğunu deyib.

“Banqladeş hökuməti etiraz hərəkatında dinc şəkildə iştirak edənləri hədəfə almağı dayandırmalı, özbaşına saxlanılanları dərhal azad etməli, tam internetə çıxışı təmin etməli və normal dialoq üçün şərait yaratmalıdır”, – Türk deyib.

Türk də vurğulayıb ki, şiddətdən istifadə edilməsi, qəsdən yanlış məlumatların yayılması və zorakılığa təhrik də daxil olmaqla, ictimai narazılığı yatırmaq üçün davam edən səylərə dərhal son qoyulmalıdır.

Banqladeşdə hökumət əleyhinə nümayişlərdə həyatını itirənlərin sayının 93-ə yüksəldiyi bildirilib.

Qeyd edək ki, Banqladeşdə 1971-ci ildə Müstəqillik Müharibəsində iştirak etmiş şəxslərin övladlarına dövlət kvotalarının ayrılması qərarından sonra etirazlar başlayıb.

Banqladeşin daxili işlər naziri Əsəduzzaman Xan Kamal etirazlarda 147 nəfərin həyatını itirdiyini, mediada yayılan məlumatlara gör isə ölənlərin sayının 200-ü keçdiyini açıqlayıb.

Banqladeşdə iyul ayında başlayan etirazlarda ölənlər üçün paytaxt Dakkanın müxtəlif nöqtələrində təxminən 2 min adam toplaşıb və polis şüarlarla hökumətə etiraz edən nümayişçiləri mühasirəyə alıb.

Paytaxtın Uttara bölgəsində etiraz edən tələbələrlə qarşılaşan polis gözyaşardıcı qaz və səs-küylü qumbaralardan istifadə edib.

“Dövlət kvota qərarı” etirazlarında “ölənlər, həbslər, hücumlar və itkilər”ə diqqət çəkmək üçün təşkil edilən nümayişlərdə tələbələrlə təhlükəsizlik qüvvələri arasında baş verən qarşıdurmada biri polis olmaqla 2 nəfər ölüb, 100-dən çox adam yaralanıb.

Mövzuya görə xəbərlər