Banqladeş

Şeyx Hasina seçkilər üçün Banqladeşə qayıda bilər

Bakı, TurkicWorld

Banqladeşin keçmiş baş naziri Şeyx Hasina Hindistanın paytaxtı Yeni Dehlidə qalır və Böyük Britaniyadan sığınacaq istəməsi gündəmdədir.

TurkicWorld xəbər verir ki, Banqladeşin keçmiş baş naziri Şeyx Hasinanın oğlu bildirib ki, yeni müvəqqəti hökumət seçkilər keçirmək qərarına gələndə Hasina ölkəsinə qayıdacaq.

Hasina həftələrdir davam edən qanlı etirazların onu istefaya məcbur etməsindən sonra bazar ertəsi qonşu Hindistana qaçıb. Cümə axşamı günü isə Nobel Sülh Mükafatı laureatı Muhamməd Yunusun rəhbərliyi ilə yaradılmış və seçkiləri təşkil etmək vəzifəsi daşıyan müvəqqəti hökumət and içərək vəzifəyə başladı.

“Times of India” qəzetinə danışan onun ABŞ-da yaşayan oğlu Sacib Vazed Joy, “Hələlik o (Hasina) Hindistandadır. Müvəqqəti hökumət seçkilərin keçirilməsinə qərar verən kimi Banqladeşə qayıdacaq",- deyə bildirib.

Hasinanın partiyası Avami Liqası ölkə daxilində 400 nəfərin ölümü və minlərlə insanın yaralanması ilə nəticələnən qanlı etirazlardan sonra qurulan müvəqqəti hökumətdə iştirak etməyib.

Banqladeşin keçmiş baş naziri Şeyx Hasina Hindistanın paytaxtı Yeni Dehlidə qalır. Hindistan mətbuatının yazdığına görə, Hasinanın İngiltərədən sığınacaq istəməsi gündəmdədir, lakin İngiltərə Daxili İşlər Nazirliyi bu məsələ ilə bağlı hər hansı şərh verməyib.

Hindistanın xarici işlər naziri cümə axşamı britaniyalı həmkarı ilə Banqladeşlə bağlı danışdığını bildirib, lakin heç bir təfərrüat paylaşmayıb.

Ehtiyac yaranarsa, Hasinanın siyasətə qatılmaqdan çəkinməyəcəyini deyən Joy, “Avami Liqasının seçkilərə qatılacağına və hətta qalib gələ biləcəyimizə əminəm”,- deyə əlavə edib.

Mövzuya görə xəbərlər