Son dəqiqə

Fələstin İsrail Qəzza

İsrail tərəfindən dağıdılan evində doktorluq dissertasiyasını müdafiə etdi

Bakı, TurkicWorld

Fələstinli tələbə Ənəs əl-Kanu İsrailin Qəzza zolağına doqquz aydan artıqdır davam edən hücumlarına baxmayaraq, dağılmış evində doktorluq dissertasiyasını müdafiə edib.

TurkicWorld xəbər verir ki, Qəzza zolağının şimalındakı Cibaliya Qaçqınlar Düşərgəsinin Bi’r ən-Naca bölgəsində yaşayan Ənəs əl-Kanu, İsrailin davam edən hücumlarına baxmayaraq, akademik təhsilini dayandırmayıb.

Qeyd edək ki, Kanu Malayziyadan Qəzzaya qayıdarkən hücumlar artıq başlamışdı. Bombardmanda evi dağılan Kanu, hər bir fələstinli kimi hücumların yaratdığı şəraitdən təsirləndiyini və faciələr yaşadığını bildirib.

Dağıdılan evində gümüş nanotellərin istehsalı və onların ultrabənövşəyi sensorların istehsalında istifadəsi mövzusunda doktorluq dissertasiyası müdafiə edən Kanu, İsrailin Qəzzada həyata keçirdiyi blokada və hücumlar altında Malayziya Universitetində (USM) doktorantura təhsilini distant formada davam etdirib.

Doktorluq dissertasiyasını bitirən Kanu, USM professorları qarşısında beş saat ərzində onlayn olaraq doktorluq dissertasiyasını müdafiə edib.

Onu da əlavə edək ki, Kanu ötən il Qəzza zolağında İslam Universitetində magistr təhsilini başa vurub.

Malayziyada doktorantura təhsilini davam etdirən Kanu ailənin tək övladı olduğu üçün Qəzzaya qayıtmaq məcburiyyətində qalıb və Qəzza İslam Universitetində işə başlayıb.

Bir müddət pul yığdıqdan sonra Malayziyaya qayıtmaq və təhsilini başa çatdırmaq istəyən Kanuna İ7 oktyabr 2023-cü il tarixli İsrailin hücumları mane oldu. Hücumların dayanmaması və intensivliyinin getdikcə artması fələstinli tələbəni xəyallarından döndərə bilmədi.

Qeyd edək ki, İsrail hücumlara başladığı 7 oktyabr 2023-cü ildən Qəzza zolağında altı universiteti tamamilə məhv edib. Hücumlarda üç universitet rektoru və 95-dən çox universitet dekanı və professoru öldürülüb.

Mövzuya görə xəbərlər