Son dəqiqə

BMT Srebrenitsa soyqırımı

Srebrenitsa soyqrımından 29 il keçir

Bakı, TurkicWorld

11 iyulda Bosniya və Herseqovinada serb millətçiləri tərəfindən törədilən Srebrenitsa şəhərindəki kütləvi qırğından 29 il ötür.

1995-ci ildə Avropanın ortasında Birləşmiş Millətlər Təşkilatının Bosniya və Herseqovinada təhlükəsiz zona elan etdiyi və Hollandiya əsgərləri tərəfindən qorunduğu Srebrenitsada serblər qətliam törədiblər. 8 mindən çox gənc və yaşlı kişi vəhşicəsinə qətlə yetirilib.

1992-ci ildə başlayan Bosniya müharibəsi davam edən zaman paralel olaraq atəşkəs üçün də danışıqlar aparılırdı. Bosniyalılar BMT tərəfindən "təhlükəsiz zona" elan edilən Srebrenitsada toplaşmışdılar.
11 iyul 1995-ci ildə serb komandiri Ratko Mladiçin komandanlığı altında qoşunlar Srebrenitsaya daxil oldu.

Bölgədəki bosniyalıların bir qismi təhlükəsizliyi təmin etmək üçün Srebrenitsadakı holland əsgərlərinin Potoçari bazasına sığınmağa, digər qismi isə meşə yolu ilə Bosniyalı əsgərlərin nəzarətində olan Tuzlaya çatmağa çalışıb.

Potoçaridə holland əsgərlərinin qərargahı olan köhnə akkumulyator zavodu serblərin soyqırım bazasına çevrildi. Fabrikə sığınan kişilər əvvəlcə ailələrindən ayrılır, əsir götürülənlər yük maşınlarına, avtobuslara doldurularaq vəhşicəsinə öldürülürdü. Həmçinin, serb snayper əsgərləri də meşə yolunda pusqu qurmuşdular.

Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 4 iyun 1993-cü il tarixli 836 saylı qətnaməsinə əsasən, təhlükəsiz zona və ətrafına edilən hücumlar qarşısında Birləşmiş Millətlər Təşkilatının əsgərlərinin güc tətbiq etmələri, hətta havadan dəstək istəmələri də nəzərdə tutulurdu.

Hollandiya əsgərləri gözləri qarşısında soyqırım baş verərkən susurdular. BMT-nin hava əməliyyatı serblər tərəfindən saxlanılan 30 holland əsgərinə görə əngəlləndi.

Serblər Bosniya-Herseqovina müharibəsi müddətində Srebrenitsada ən böyük soyqırımı törətdilər. 8 mindən çox bosniyalı serb əsgərləri tərəfindən qətlə yetirildi və kütləvi məzarlıqlarda basdırıldı. Aradan dörddə bir əsrdən çox vaxt keçib. Yüzlərlə soyqırım qurbanının cəsədi hələ də itkin düşüb, məzarları isə məlum deyil.

Bölgədə hər il aparılan qazıntılar zamanı kütləvi məzarlıqlarda tapılan sümüklər şəxsiyyətləri müəyyən edildikdən sonra Potoçaridəki Xatirə Qəbiristanlığında dəfn edilir.

Mövzuya görə xəbərlər