Bakı, TurkicWorld
Dünyanın hər yerindən Qəzzaya un, su və müxtəlif humanitar yardımlar çatdırmaq üçün yola çıxan yük maşınları qızmar isti altında Misir sərhədində ilişib qalıb.
TurkicWorld xəbər verir ki, yardım tırları Qəzzaya humanitar yardım çatdırmaq üçün həftələrdir qızmar istinin altında Misir yollarında gözləyirlər.
Qəzzaya un, su və digər malları çatdırmaq üçün yola çıxan yük maşınları Qəzza sərhədindən təxminən 50 kilometr aralıda Misir yolunda gözləyir. Sürücülər deyirlər ki, Misirin qızmar istisi altında həftələrdir gözləyirlər.
İsrail və HƏMAS arasında doqquz aydır davam edən müharibədən sonra humanitar yardım daşıyan yük maşınlarının yollarda gözləməsi Qəzzada böhranı daha da dərinləşdirir. Humanitar təşkilatlar Qəzzada aclıq riskinin yüksək olduğu barədə xəbərdarlıq edir.
Misirin Sinay yarımadasındakı əl-Ariş şəhərində əlacsız qalan yük maşını sürücüləri, İsrailin may ayında Qəzza-Misir sərhədinə hücumunu genişləndirməsindən bəri humanitar yardımları çatdıra bilmədiklərini deyiblər.
Qeyd edək ki, İsrail ordusu may ayında Qəzzanın cənubundakı Rəfah şəhərinə hücumlara başlayıb. Qəzzalılar üçün xarici dünyaya açılan və yardımların çatdırılmasına və xəstələrin təhlükəsiz yerlərə aparılmasına imkan verən Qəzza ilə Misir arasındakı Rəfah sərhəd qapısı o vaxtdan etibarən bağlanıb.
Həmçinin, yardım və əlavə ləvazimatlar digər quru sərhəd qapıları vasitəsilə, hava və dəniz yolu ilə Qəzzaya çatdırılmağa davam edir, lakin humanitar yardım təşkilatları və Qərb diplomatları bu yardımların ehtiyacdan çox az olduğunu bildirirlər.