Bakı. TurkicWorld:
İsrail ordusunun Qəzza zolağının cənubundakı Rəfah şəhərində məcburi köçkün fələstinlilərin çadırlarını bombalaması nəticəsində 11 nəfər ölüb, ən azı 40 nəfər yaralanıb.
TurkicWorld xəbər verir ki, İsrail ordusu Rəfahın qərbindəki Əl-Məvasi bölgəsində məcburi köçkün fələstinlilərin yaşadığı çadırları vurub.
Səhiyyə mənbələrindən alınan məlumata görə, Əl-Məvasi bölgəsinə edilən hücum nəticəsində 11 fələstinli həyatını itirib, 40-dan çox fələstinli isə yaralanıb.
Hücumların davam etdiyi və İsrail ordusunun bölgə ətrafında torpaq barrikadalar qurduğu bildirilib.
Xan Yunus və Rəfah şəhərlərinə qədər uzanan Əl-Məvasi bölgəsi İsrail ordusunun daha əvvəl köç etməyə məcbur etdiyi fələstinlilərin çıxmasını istədiyi “təhlükəsiz zonalar” arasında idi.
Rəfahın qərbində yerləşən və yaşayış məntəqələrinin olmadığı Əl-Məvasi əsasən böyük açıq ərazilərə malikdir.
Qeyd edək ki, infrastruktur, kanalizasiya şəbəkələri, elektrik xətləri, rabitə şəbəkələri və interneti olmayan bölgədə qaçqın fələstinlilər çox çətin şəraitdə yaşamağa çalışırlar. Evlərini tərk edərək bu bölgəyə sığınan insanlar su, yemək, təmizlik və səhiyyə xidmətlərindən böyük səviyyədə məhrumdurlar.