Son dəqiqə

Fələstin İsrail Qəzza

Həbsxanalarda yer qalmadığı üçün fələstinlilərin həbs olunması dayandırılıb

Bakı. TurkicWorld:

İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilində 20 fələstinli fəalın saxlanması əməliyyatını həbsxanalarda yer olmadığı üçün ləğv edib.

TurkicWorld xəbər verir ki, bu haqda İsrailin KAN dövlət televiziyası məlumat yayıb.

Bildirilib ki, həbsxana və təcridxanalarda yer çatışmazlığı səbəbindən İsrail ordusu və Daxili Təhlükəsizlik Təşkilatı Şin-Bet (Şabak) fələstinli fəallara qarşı bu həftə keçirilməsi nəzərdə tutulan 20 həbs əməliyyatını ləğv edib.

Həmçinin, İordan çayının qərb sahilində həbsxanalar və təcridxanalardakı artan sıxlıq səbəbindən həbs əməliyyatının daha çox ləğv oluna biləcəyi qeyd edilib.

Ayrıca, İsrail təhlükəsizlik bölmələrinin həbs müddətinin sonunda “inzibati məhbusları” həbsxanalarda yer açmaq üçün müddəti uzatmadan azad etməli olacağı da bildirilib.

İsrail Həbsxana İdarəsi aprel ayında fələstinli məhbuslar üçün həbsxanalarda 14500 nəfər yerin olduğunu açıqlasa da, hazırda bu rəqəm 21 mini keçib.

Fələstin Məhbuslar Dərnəyi və Fələstin Azadlıq Təşkilatına bağlı Əsir və Azad etmə Heyətinin bugünkü bəyanatında, 7 oktyabr 2023-cü il tarixindən bu yana işğal altında olan İordan çayının qərb sahilində nəzarətdə olan fələstinlilərin sayının 9 min 345-ə çatdığı bildirilib.

Qeyd edək ki, İsrailin Qəzza zolağına hücuma başladığı 7 oktyabr 2023-cü ildən bəri işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə fələstinlilərə qarşı həbslər, basqınlar və hücumlarda artım müşahidə olunur.

Mövzuya görə xəbərlər