Son dəqiqə

Cənubi Koreya

Cənubi Koreya doğum sayının azalmasına görə fövqəladə vəziyyət elan etdi

Bakı.TurkicWorld:

Cənubi Koreya prezidenti Yoon Suk Yeol ölkəsinin aşağı doğum səviyyəsinin qarşısını almaq üçün “demoqrafik milli fövqəladə vəziyyət” elan etdiyini açıqlayıb.

TurkicWorld xəbər verir ki, prezident Yoon bu barədə paytaxt Seulun cənubundakı Seongnam Tədqiqat və İnkişaf Mərkəzində “aşağı doğum nisbəti və qocalmış əhali” mövzusunda keçirilən yığıncaqda çıxışı zamanı danışıb.

Hökumətin aşağı doğum nisbəti ilə mübarizə üçün hər cür səy göstərəcəyini ifadə edən Yoon, “Bu gün rəsmi olaraq demoqrafik milli fövqəladə vəziyyət elan edirəm. Aşağı doğum nisbəti problemi aradan qaldırılana qədər hərtərəfli müdaxilə sistemini işə salacağıq” – deyə qeyd edib.

Yoon bildirib ki, bu kontekstdə onlar üç əsas sahəyə diqqət yetirəcəklər: “İş və həyat arasında balansın təmin edilməsi, uşaqlara qayğının yaxşılaşdırılması və daha yaxşı mənzil təminatı”.

Valideynlərin üzərindəki təhsil yükünü yüngülləşdirmək üçün uşaq baxımına dəstəyin artırılacağını və ibtidai məktəblərdə məktəbdən sonrakı proqramların genişləndiriləcəyini vəd edən Yoon qeyd edib ki, tədbirlərin həyata keçirilməsini təmin etmək üçün müvəqqəti olaraq Əhalinin Strategi Planlaşdırılması Nazirliyi yaradılacaq.

Qeyd edək ki, Cənubi Koreyanın ümumi doğuş nisbəti – bir qadının həyatı boyu dünyaya gətirdiyi uşaqların orta sayı – 2023-cü ildə 0,72-yə enərək ölkə əhalisini 51 milyon nəfərdə saxlamaq üçün lazım olan 2,1 yenilənmə səviyyəsindən xeyli aşağı düşüb.

Eyni zamanda, Cənubi Koreya Statistika İnstitutunun martın 19-da yeni doğulan uşaqların sayı ilə bağlı paylaşdığı məlumatlar göstərir ki, son illərdə ölkədə illik doğum sayında azalma tendensiyası davam edir.

Mövzuya görə xəbərlər