Son dəqiqə

İsrail Qəzza zolağı

Qəzzaya yardımların miqdarını artıracağıq – İsrail ordusu

Bakı. TurkicWorld:

Qəzzaya yardımların miqdarını artıracağıq.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun sözçüsü Daniel Hagari deyib.

İsrail ordusu yaxın günlərdə Qəzza zolağına daxil olan humanitar yardımın həcminin artacağını açıqlayıb.

“Son bir neçə həftə ərzində Qəzzaya gələn humanitar yardımın həcmi əhəmiyyətli dərəcədə artıb. Artım yaxın günlərdə də davam edəcək. Hər zamankindən daha çox qida, su, tibbi ləvazimat, sığınacaq avadanlıqları və digər yardımlar Qəzzaya gedir.” – deyə o bildirib.

Qeyd edək ki, Qəzzanın Səhiyyə Nazirliyi bildirir ki, Qəzzada 34 mindən çox fələstinli öldürülüb və 2,3 milyon əhalisinin əksəriyyəti evlərini tərk etmək məcburiyyətində qalıb.

Nazirlik öz sayında mülki şəxslər və döyüşçülər arasında fərq qoymur, lakin qadınların və uşaqların ölənlərin üçdə ikisini təşkil etdiyini bildirir.

İsrail dinc sakinlərin ölməsində HƏMAS-ı günahlandırır, çünki yaraqlılar sıx yaşayış məntəqələrində döyüşürlər.

İsrail heç bir sübüt təqdim etmədən 13 min HƏMAS döyüşçüsü öldürdüyünü bildirib.

Bu arada Qəzzada döyüşlər davam edir. İsrailin Qəzzanın cənubunda BMT-nin fələstinli qaçqınlarla işləyən agentliyi olan UNRWA-nın qida paylama məntəqəsinə endirdiyi zərbə nəticəsində agentliyin bir əməkdaşı həlak olub, 22 nəfər yaralanıb.

UNRWA-nın məlumatına görə, son beş ayda gedən döyüşlər zamanı agentliyin həlak olan işçilərinin sayı 165-ə çatdırıb.

Qəzzanın səhiyyə orqanları UNRWA anbarının həyətinə endirilən zərbə nəticəsində ümumilikdə 5 nəfərin öldüyünü bildirib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər