İraq Kərkük

İraq məhkəməsi Kərkükdəki ordu binasının KPD-yə verilməsi qərarını dayandırıb

Bakı. TurkicWorld:

İraq Federal Məhkəməsi Kərkükdəki ordu qərargahının boşaldılması və Kürdüstan Demokratik Partiyasına (KDP) təhvil verilməsi qərarını dayandırıb.

TurkicWorld-un məlumatına görə, Kərkük Ərəb Millət vəkili Vəsfi Asi ordu qərargahının KDP-yə verilməməsi ilə bağlı Federal Məhkəmədə iddia qaldırıb.

Məhkəmədən verilən yazılı açıqlamaya görə, qaldırılan iddia müzakirə edilərək həll edilib.

"Baş nazirin Kərkükdəki Birgə Əməliyyat Qüvvələri qərargahının boşaldılması ilə bağlı qərarı dayandırılıb. Məhkəmənin bu qərarı qətidir və bütün rəsmilər üçün məcburidir", - deyə Məhkəmənin verdiyi bəyanatda deyilir.

Xatırladaq ki, Kərkükdə ordunun nəzarətində olan binanın Kürdüstan Demokratik Partiyasına (KPD) təhvil verilməsinə qarşı çıxanların bağladığı Ərbil-Kərkük avtomobil yolunun açılması tələbi ilə şəhər mərkəzində KDP tərəfdarları aksiya keçirib.

KDP-yə bağlı bu qruplar şəhərin mərkəzində təhlükəsizlik qüvvələrinə hücum edib. Kərkükdə baş verən bu hadisələrdən sonra komendant saatı elan edilib.

Bir müddət sonra isə Kərkük qubernatoru Rakan Səid əl-Cuburi tərəfindən, qərarın təxirə salındığı bildirilib.

Qeyd edək ki, qarşıdurmalar zamanı 3 nəfər ölüb, 9 nəfər isə yaralanıb.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər