Son dəqiqə

Çin ABŞ ABŞ Konqresi BYD Ford Avtomobil sənayesi Çin avtomobilləri Avtomobil İnnovasiyaları Alyansı Con Bozzella SAIC Motor

ABŞ avtomobil istehsalçıları Çin maşınlarının ölkəyə girişinin qadağan edilməsini istəyir

BAKI,TurkicWorld,Yusif Şərifzadə

ABŞ-nin iri avtomobil istehsalçılarını təmsil edən Avtomobil İnnovasiyaları Alyansı Konqresi Çin istehsalı olan avtomobillərin ABŞ bazarına girişini qadağan edən qanunu ilin sonunadək qəbul etməyə çağırıb. Təşkilat Çin avtomobilləri, onların proqram təminatı və texniki avadanlıqları ilə bağlı məhdudiyyətlərin milli təhlükəsizlik baxımından vacib olduğunu bildirir.

TurkicWorld xəbər verir ki, Avtomobil İnnovasiyaları Alyansı “General Motors”, “Ford”, “Toyota”, “Volkswagen”, “Hyundai”, “Honda”, “Stellantis” və digər iri avtomobil istehsalçılarını təmsil edir. Alyansın baş direktoru Con Bozzella Konqresə ünvanladığı məktubda qanunvericiləri məsələ ilə bağlı sürətli addım atmağa çağırıb.

Bozzella bildirib ki, Çin avtomobil istehsalçıları dövlət tərəfindən dəstəklənən avtomobilləri rabitə imkanlarına malik proqram və texniki avadanlıqlarla birlikdə dünya bazarlarına böyük həcmdə çıxarırlar. Onun sözlərinə görə, bu vəziyyət hələ ABŞ daxilində geniş şəkildə müşahidə olunmasa da, mümkün təhlükənin miqyası qabaqlayıcı tədbirlərin görülməsini tələb edir.

Alyans Konqresdən Çin avtomobillərinin, proqram təminatının və texniki avadanlıqlarının ABŞ bazarına girişini məhdudlaşdıran qanunun ilin sonunadək qəbul edilməsini istəyir.

ABŞ Senatının Ticarət Komitəsi iyul ayında Çin avtomobil istehsalçılarının Amerika bazarına daxil olmasına qarşı mövcud məhdudiyyətləri sərtləşdirən qanun layihəsini təsdiqləyib. Bununla belə, layihənin tam şəkildə qanuna çevrilməsi üçün hələ bir sıra mərhələlərdən keçməsi tələb olunur.

Bozzellanın fikrincə, qanunun qəbulu Çinin dünya avtomobil istehsalında üstün mövqe əldə etmək strategiyasına ABŞ hökumətinin milli təhlükəsizlik tədbirləri ilə cavab verəcəyini göstərəcək.

Alyans daha əvvəl ABŞ Ticarət Nazirliyinin “BYD”, “Chery”, “SAIC Motor” və digər Çin avtomobil istehsalçılarına ölkədə rabitə imkanlarına malik avtomobillərin istehsalı, satışı və ya idxalı üçün xüsusi icazə verməsinin qanunla qadağan edilməsini də təklif edib. Çin tərəfi isə ABŞ-nin Çin avtomobillərinin ixracına qarşı məhdudiyyətlərinə etiraz edir.

Mövzuya görə xəbərlər