Son dəqiqə

Fələstin İsrail İordan çayının qərb sahili Məskunlaşmaçı Betsalel Smotriç

İsrail işğal altındakı ərazilərdə yol tikintisinə 356 milyon dollar ayırıb

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İsrail hökumətinin işğal altındakı İordan çayının qərb sahilində yeni məskunlaşma məntəqələrinə xidmət edəcək yol layihələri üçün 356 milyon dollar vəsait ayırdığı bildirilir.

TurkicWorld xəbər verir ki, Fələstinin Vəfa agentliyinin yaydığı məlumata görə, layihə İsrailin maliyyə naziri Betsalel Smotriç tərəfindən təqdim olunub.

Məlumata əsasən, vəsait üç il ərzində mərhələli şəkildə xərclənəcək.

Layihə çərçivəsində yeni yolların tikintisi, mövcud yolların yenilənməsi, yol şəbəkəsinin genişləndirilməsi və hərbi təyinatlı infrastruktur layihələrinin maliyyələşdirilməsi nəzərdə tutulur.

Vəfa agentliyi bildirir ki, İsrail hökuməti bununla yanaşı işğal altındakı İordan çayının qərb sahilində yeni məskunlaşma planlarını da genişləndirir.

Məlumata görə, hökumət fələstinlilərə məxsus torpaqlarda 12 min yeni yaşayış vahidinin tikintisini təsdiqləyib.

Fələstin tərəfi bu addımları beynəlxalq hüquqa zidd məskunlaşma siyasətinin davamı kimi qiymətləndirir.

İsrail hökuməti isə məsələ ilə bağlı yayılmış məlumatlara dair hələlik əlavə rəsmi açıqlama verməyib.

Mövzuya görə xəbərlər