Son dəqiqə

İlon Mask Süni intellekt OpenAI Süni intellektin gələcəyi Süni intellekt və insan inkişafı süni intellekt etibarı

İlon Mask OpenAI şirkətini məhkəməyə verib

BAKI,TurkicWorld

ABŞ-də süni intellekt sahəsində fəaliyyət göstərən aparıcı şirkətlər arasında hüquqi qarşıdurma dərinləşir.

TurkicWorld xəbər verir ki, amerikalı sahibkar İlon Mask tərəfindən OpenAI şirkətinə qarşı qaldırılan məhkəmə işində tərəflər ilk açılış çıxışlarını təqdim edib. Mask şirkətin qurucuları Sem Altman və Qreq Brokmanı “insanlığa fayda missiyasından uzaqlaşmaqda” ittiham edir.

Kaliforniya ştatının Oklend şəhərində keçirilən məhkəmə prosesinə hakim İvon Qonzales Rocers rəhbərlik edir. Maskın vəkili Stiven Molo bildirib ki, iddia maliyyə qazancı məqsədi daşımır və əsas məqsəd “insanlığın maraqlarını qorumaqdır”.

Məhkəmə zamanı bildirilib ki, Mask OpenAI-ın ilkin mərhələdə qurulmasında mühüm rol oynayıb, şirkətə milyonlarla dollar investisiya yatırıb və aparıcı süni intellekt mütəxəssislərinin cəlb olunmasına dəstək verib.

Digər tərəfdən, OpenAI-ın vəkili Uilyam Savitt Maskın iddialarını rədd edərək onun şirkətin uğurundan sonra bu addımı atdığını bildirib. O, həmçinin Maskın OpenAI-ın qeyri-kommersiya statusu ilə bağlı əvvəlcədən prinsipial mövqe sərgiləmədiyini qeyd edib.

Məhkəmə prosesində iştirak edən Microsoft şirkətinin vəkili Rassel Koen isə texnologiya nəhənginin OpenAI ilə əməkdaşlığında hər hansı qanun pozuntusu görmədiklərini vurğulayıb. O, Maskın iddialarının onun öz süni intellekt layihəsi olan xAI ilə bağlı maraqları ilə üst-üstə düşdüyünü bildirib.

Mask - “Süni intellekt insanlığı məhv edə bilər”

Məhkəmədə çıxış edən İlon Mask süni intellektin potensial təhlükələrinə diqqət çəkərək bildirib ki, bu texnologiya həm insanlığı inkişaf etdirə, həm də ciddi risklər yarada bilər.

Onun sözlərinə görə, süni intellektin inkişafı “çox ağıllı uşağın tərbiyəsinə” bənzəyir və gələcəkdə onun tam nəzarətdə saxlanılması mümkün olmaya bilər.

Mask qeyd edib ki, yaxın illərdə süni intellekt insan səviyyəsində intellektə çata bilər və bu proses düzgün idarə olunmasa, qlobal təhlükəyə çevrilə bilər.

150 milyard dollarlıq iddia

Xatırladaq ki, İlon Mask 2024-cü ilin avqust ayında təqdim etdiyi iddia ərizəsində OpenAI rəhbərliyini “insanlığa xidmət prinsipinə xəyanət etməkdə” ittiham edib. İddianın ümumi dəyərinin 150 milyard dollar civarında olduğu bildirilir.

Məhkəmə prosesinin təxminən üç həftə davam edəcəyi gözlənilir.

Mövzuya görə xəbərlər