Bakı, TurkicWorld
Azərbaycanın paytaxtı yenidən gimnastikasevərlərin diqqət mərkəzlərindən birinə çevrilir. Oktyabrın 16-dan 19-dək Bakıda ilk dəfə olaraq "TeamGym" üzrə Avropa çempionatı ikinci gününə davam edir.
TurkicWorld-in məlumatına görə, bu, 3 alət üzrə çıxışları əhatə edən komanda yarışıdır.
İştirakçılar "TeamGym" xalçası, akrobatika cığırı və trampet (mini batut) üzərində bacarıqlarını nümayiş etdirəcəklər. Avropa qitəsinin ən yaxşı komandaları Milli Gimnastika Arenasında çempion titulu uğrunda mübarizə aparırlar.
"TeamGym" Azərbaycanda 2018-ci ildən inkişaf etdirilməyə başlanılıb. Bu gün ölkəmizdə gimnastikanın bu növü üzrə həm peşəkar idmançılarımız, məşqçilərimiz, həm də hakimlik korpusunun nümayəndələri var.
"TeamGym"də qələbə qazanmaq üçün fərdi bacarıq və səriştələrdən əlavə, uğurlu komanda işi də vacibdir. Burada qalib psixoloji, eyni zamanda fiziki cəhətdən hazır olan şəxslərdir.
Milli Gimnastika Arenasında Çexiya, Danimarka, Avstriya, Estoniya, Finlandiya, Böyük Britaniya, İslandiya, İtaliya, Lüksemburq, Hollandiya, Portuqaliya, Norveç, İsveç və təbii ki, yarışın ev sahibi komandasının idmançıları çıxış edirlər.