Bakı, TurkicWorld
Bu gün Bakıda COP29-a həsr olunmuş "İqlim dəyişmələri ilə mübarizə üzrə Fəaliyyət Həftəsi" çərçivəsində keçirilən beynəlxalq konfransın dördüncü gününə start verilib.
TurkicWorld xəbər verir ki, konfransın 4-cü günündə əsas mövzular "Qlobal metan emissiyalarının azaldılmasının təşviqi (AGMR) - təsir üzrə konfrans", "Azərbaycanda İqlim Dəyişmələri üzrə Universitet Şəbəkəsinin (AUNCC) yaradılması istiqamətində", və "İqlim və Təmiz Hava Koalisiyası (CCAC)" olub.
Çıxış edənlər arasında COP29-un prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, COP29-da BMT-nin iqlim dəyişmələri üzrə yüksək səviyyəli çempionu (UN Climate Change High-Level Champion) Nigar Arpadarai, Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev, COP29-un gənclər iqlim çempionu Leyla Həsənova, Britaniya Şurasının Azərbaycan üzrə direktoru Nərgiz Hacıyeva, Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Taleh Kazımov, Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev, PAŞA Bank-ın baş direktoru və İdarə Heyətinin sədri Cavid Quliyev, SOCAR-ın vitse-prezidenti Əfqan İsayev, BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, BP-nin metan və KOB proqramları üzrə rəhbəri Sonna Satiamoorti (Sonna Sathiamoorthy), SLB-nin vitse-prezidenti Dryu Pomeranz (Drew Pomerantz) və digər rəsmi şəxslər yer alıb.
Qeyd edək ki, bu tədbir, noyabr ayında Bakıda baş tutacaq COP29-un iqlim gündəliyinin əsasını qoyacaq.
İqlim dəyişmələri ilə mübarizə üzrə Fəaliyyət Həftəsi siyasət, maliyyə, ticarət, investisiya, elm, incəsənət, mədəniyyət, cəmiyyət və KİV kimi bir sıra sahələrdən əsas maraqlı tərəfləri bir araya toplayacaq.
Tədbirin əsas mövzuları "enerji keçidi", "şəhərlər və urbanizasiya mühiti", "su təhlükəsizliyi", "qida və kənd təsərrüfatı", "kiçik və orta müəssisələrin bisznesi" və "yaşıl bacarıqlar" olacaq.
Həftənin birinci yarısı (30 sentyabr - 2 oktyabr) dövlət qurumları, akademik mühit və özəl sektorun iştirak etdiyi iqlim həllərinə həsr olunacaq. İkinci yarıda (3-4 oktyabr) isə elm, təhsil, incəsənət, mədəniyyət və digər sahələrə fokuslanılacaq.
İqlim dəyişmələri ilə mübarizə üzrə Fəaliyyət Həftəsi çərçivəsində şəhərin müxtəlif guşələrində bir çox tədbirlər təşkil ediləcək.
Xəbər yenilənəcək