Bakı, TurkicWorld
Azərbaycan elektrik sektorunun transformasiyasına qoşulan ilk ölkələrdəndir.
TurkicWorld xəbər verir ki, bu barədə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri Ferqus Auld Bakıda İqlim Fəaliyyəti Həftəsinin (Baku Climate Action Week) ikinci günündə çıxışı zamanı deyib.
Səfir qeyd edib ki, kənd təsərrüfatı fəaliyyət hesabatı 17 dövlətin iştirakı ilə yaradılıb.
"Bu hesabatın məqsədi fermerlər üçün yaxşı şəraitin yaradılmasıdır. Bizə yaxşı məhsuldarlıq lazımdır ki, insanların yaşayışını təmin edək. Əvvəlki hesabatda müəlliflər məsələyə hərtərəfli baxıblar. Lakin belə qəliz məsələni həll etmək üçün ayrı-ayrı tapşırıqları qarşıya qoymalıyıq. Bunun üçün bizə yüksək səviyyəli siyasi iradə lazımdır", - deyə səfir əlavə edib.
Qeyd edək ki, Fəaliyyət Həftəsi 2024-cü ilin 30 sentyabr - 4 oktyabr tarixlərində, Bakıda ilk dəfə keçirilir.
Bu tədbir, noyabr ayında Bakıda baş tutacaq COP29-un iqlim gündəliyinin əsasını qoyacaq.
İqlim dəyişmələri ilə mübarizə üzrə Fəaliyyət Həftəsi siyasət, maliyyə, ticarət, investisiya, elm, incəsənət, mədəniyyət, cəmiyyət və KİV kimi bir sıra sahələrdən əsas maraqlı tərəfləri bir araya toplayacaq.
Tədbirin əsas mövzuları "enerji keçidi", "şəhərlər və urbanizasiya mühiti", "su təhlükəsizliyi", "qida və kənd təsərrüfatı", "kiçik və orta müəssisələrin bisznesi" və "yaşıl bacarıqlar" olacaq.
Həftənin birinci yarısı (30 sentyabr - 2 oktyabr) dövlət qurumları, akademik mühit və özəl sektorun iştirak etdiyi iqlim həllərinə həsr olunacaq. İkinci yarıda (3-4 oktyabr) isə elm, təhsil, incəsənət, mədəniyyət və digər sahələrə fokuslanılacaq.