Bakı. TurkicWorld :
“Apple” “Microsoft”u birinci yerdən kənarlaşdıraraq, dünyanın ən bahalı şirkəti olub.
TurkicWorld xarici KİV-ə istinadən xəbər verir ki, “Microsoft” son beş ayda ilk dəfə “Apple”dan geri qalıb.
Bu, onunla əlaqədardır ki, “iPhone” istehsalçısı süni intellekt texnologiyalarında üstündür.
“Apple”ın səhmləri 2 faizdən çox artaraq 211,75 dollara yüksəlib, nəticədə şirkətin bazar dəyəri 3,25 trilyon dollar təşkil edib. “Microsoft”un bazar kapitallaşması 3,24 trilyon dollardır.
“Apple” şirkətinin səhmləri, cihazları üçün süni intellekt və proqram təminatının təkmilləşdirmələrini dəstəkləyən bir sıra funksiyaları təqdim etdikdən bir gün sonra rekord səviyyəyə yüksəlib. Bəzi analitiklərin fikrincə, bu addım “iPhone”un satışlarının artmasına kömək edəcək.
“Apple”ın illik tərtibatçılar konfransında baş direktor Tim Kuk “Siri”nin səs köməkçisinin mesajlar, elektron poçtlar, təqvim və üçüncü tərəf proqramları ilə necə qarşılıqlı əlaqə qura biləcəyini açıqlayıb.