Dekabrın 20-də Azərbaycan Respublikasının Milli Qəhrəmanı Riad Əhmədovun 65 yaşının tamam olması ilə əlaqədar onun adını daşıyan 203 saylı tam orta məktəbdə anım tədbiri keçirilib.
Tədbirdə Milli Məclisin deputatı xanım Nigar Arpadarai, Səbail Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Dövlət Təhlükəsizliyi Xidmətinin Səbail Rayon İdarəsinin rəhbərliyi, "ALYANS" Azərbaycan Xüsusi Xidmət Orqanlarının Veteranlarının İctimai Birliyinin rəhbərliyi və üzvləri iştirak etmişlər.
Dövlət Himni səsləndirildikdən sonra Respublikanın Əməkdar müəllimi Nailə Əhmədova tədbiri açıq elan etmiş, məktəbin şagirdləri Riad Əhmədovun qəhrəmanlığından bəhs edən bədii çıxışlar etmişlər.
Riad Əhmədovun həmkarlarından olan veteran polkovnik Əli Orucov onun haqqında xatirələrini tədbir iştirakçıları ilə bölüşmüş, şagirdlərə öz tövsiyyə və arzularını çatdırmışdır.
Tədbirin sonunda Riad Əhmədovun döyüş yoldaşları polkovnik-leytenant Akif Rüstəmov və polkovnik-leytenant Rais Şabakayev tərəfindən məktəbin nümunəvi şagirdlərinə "Alyans" Azərbaycan Xüsusi Xidmət Orqanlarının İctimai Birliyinin Fəxri Fərmanları təqdim olunmuşdur.